[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/10/orkhanmlm.jpg” ]
Orxan Ərəbov: “Gənclər yaxşı bilirlər ki, onlara daim dəstək olan, Azərbaycanı inkişaf etdirən, lider dövlətə çevirən namizəd Prezident İlham Əliyevdir”
Azərbaycan Gənclər Fondunun sektor müdiri Orxan Ərəbovun Palitra qəzetinə müsahibəsi
– Orxan müəllim, son zamanlar fond tərəfindən keçirilən forumlar haqqında fikirlərinizi bilmək istərdik…
– Bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə Azərbaycan Gənc Tərcüməçilər Asossiasiyası tərəfindən 1-ci Milli Tərcümə Forumu təşkil olundu. 30 sentyabr tarixində keçirilən bu forumda 200-ə yaxın tərcüməçi, dilçi və o cümlədən Azərbaycanda olan diplomatik missiyaların nümayəndələri iştirak etdilər. Forum bu sahədə çalışan gənclər arasında kifayət qədər marağa səbəb oldu. Dörd panel üzrə keçirilən forumda gənc tərcüməçiləri maraqlandıran mövzular üzrə əhatəli müzakirələr təşkil olundu. Qeyd etmək istərdim ki, rəsmi açılış mərasimində Beynəlxalq Tərcüməçilər Federasiyasının Avropa üzrə regional mərkəzinin rəhbəri xanım Eyvor Foqarti də iştirak edib. Azərbaycanda gənc tərcüməçilərin bu sahəyə marağını olduqca yüksək qiymətləndirən xanım Foqarti tədbirə dəvət edildiyi üçün təşkilatçılara öz dərin təşəkkürünü bildirərək, tərəfimizdən təşkil olunan forumun Beynəlxalq Tərcüməçilər Federasiyasının rəsmi fəaliyyət təqvimində yer almasını da Azərbaycan gəncliyi üçün növbəti uğur kimi qiymətləndirdi.
Bildiyiniz kimi 25-30 sentyabr tarixlərində də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə vəsaiti ilə “NUR” Uşaq və Gənclər İctimai Birliyi tərəfindən təşkil olunan “Bakı Beynəlxalq Gənclər Sağlamlıq Forumu” da təşkil olunub. Forumda altı ölkədən nümayəndələr Portuqaliya, İrlandiya, Bosniya və Hersoqovina, Litva, Gürcüstan və Serbiyadan bu sahə üzrə aktiv olan gənclər təşkilatlarının nümayəndələri iştirak edirdilər.
Sağlamlıq məsələləri haqqında olan forumda gənclərin bu sahəyə verə biləcəyi töhfə və perspektiv şəbəkələşmə imkanları müzakirə olundu. Kifayət qədər uğurlu keçən forumun qarşısına qoyduğu məqsədlərə çatdığını deyə bilərəm.
– Gənclər Fondu hər dəfə yeni qrant müsabiqələrində prioritet istiqamətləri necə müəyyənləşdirir?
– Bildiyiniz kimi, Gənclər Fondu 2011-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə yaradıldığı tarixdən bu günə qədər artıq 3 qrant müsabiqəsi elan edib. Burada minlərlə gənclər və yüzlərlə gənclər təşkilatları iştirak edib. Lakin buna baxmayaraq bizim, bu rəqəmlərlə kifayətlənmək fikrimiz yoxdur. Biz gələcəyə baxaraq, fonda müraciət edəcək gənclərin və gənclər təşkilatlarının sayını daha da artıraraq onları aktiv şəkildə fonda cəlb etmək fikrindəyik. Məlumat üçün bildirim ki, Gənclər Fonduna rəsmi qeydiyyatdan keçmiş gənclər təşkilatları və fərdi qaydada 14-35 yaş kateqoriyasına aid gənclər öz layihələri ilə müraciət edə bilər. Adından da bəlli olduğu kimi Gənclər Fondu gənclərə hədəflənmiş bir qurumdur. Bizim əsas benefisiarlarımız gənclər və gənclər təşkilatlarıdır. Əlbəttə ki, gənclərin maraqlarına uyğun prioritet istiqamətlərin müəyyən olunması da fondun əsas vəzifələrindən biridir.
“Gənclərimiz onlara yaradılmış şəraitdən maksimum yararlanmaqla dövlətimiz və Vətənimiz üçün layiqli peşəkar mütəxəssis olmağa çalışırlar”
Bu prioritet istiqamətlərin daha dəqiq təyin olunması üçün mütəmadi olaraq gənclər və gənclər təşkilatları arasında tərəfimizdən rəy sorğuları keçirilir. Bu rəy sorğularının nəticələrinə əsaslanaraq qrant müsabiqələri üçün prioritet istiqamətlərlə bağlı təkliflərimizi fondun Müşahidə Şurasına təqdim edirik və hər dəfə gənclərin maraqlarına uyğun prioritet istiqamətlər müəyyənləşdirilir. Fonda daxil olan layihələrin sayına görə nisbi üstünlük təşkil edən Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, gənclərin asudə vaxtının səmərəli təşkili, gənclər arasında sağlam həyat tərzinin təbliği, xüsusi qayğıya ehtiyacı olan gənclərin sosial həyata aktiv inteqrasiyası, gənclərin ekoloji mühafizə təşəbbüsləri, gənclərin menecment bacarıqlarının inkişafı, gənclərə vətənpərvərlik hissinin aşılanması, beynəlxalq və yerli gənclər təşkilatları arasında əməkdaşlıq kimi prioritet istiqamətlər üstünlük təşkil edir.
– Bugünkü gənclərin müstəqil dövlətimizə siyasi baxışları haqqında düşüncələriniz…
– Qeyd olunmalıdır ki, dövlətimiz tərəfindən həyata keçirilən siyasət dioqramının ən yüksək məqamında Azərbaycan vətəndaşı və vətəndaşların ən aktiv təbəqəsi olan Azərbaycan gəncləri dayanır.
Bir misal gətirmək istərdim ki, 2005-ci il avqustun 30-da imzalanmış “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” sərəncamın 100-dən çox bəndi həyata keçirilib. Eləcə də “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” (2006-2010-cu illər), “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı” (2007-2012-ci illər), “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və nəzərə alsaq ki, bu proqram çərçivəsində 5000-dən artıq gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil alması nəzərdə tutulub, o zaman bu layihələrin nə dərəcədə səmərəli və vətənimiz üçün nə qədər önəmli olduğunu aydın görə bilərik. Bir daha qeyd etmək istərdim ki, dövlətimiz, gənclərin inkişafına dair atılan addımlarda gənclərin özünün birbaşa yer alması üçün çox mühüm siyasət həyata keçirir ki, bunun nəticəsi olaraq gənclər sektorunun aparıcı dövlət qurumlarında, rəhbər vəzifələrdə çoxlu sayda gənc kadrlarla təmsil olunduğunun şahidiyik. Və bütün bu sadalananları görən gənclərimiz də onlara yaradılmış şəraitdən maksimum yararlanmaqla dövlətimiz və Vətənimiz üçün layiqli peşəkar mütəxəssis olmağa çalışırlar.
– Bu gün xaricdə yaşayan gənclərin Azərbaycanın daxili ictimai fəaliyyətində nə kimi rolu var? Onlar burada hansı layihələrdə iştirak edirlər?
– Daha öncə qeyd etdiyim kimi, Azərbaycanda xaricdə təhsillə bağlı dövlət proqramı var və bu proqramdan bir çox gənclərimiz yararlanmış və yararlanmaqdadırlar. Əlbəttə ki, bizim fond xaricdə təhsil alan gənclərlə də birlikdə layihələr həyata keçirir. Bizdə beş kateqoriya mövcuddur – A, B, C, D və E.
B kateqoriyasında xaricdə təhsil alan gənclərimiz təhsil aldıqları universitetlərdə beynəlxalq tədbirlər keçirmək üçün fonda müraciət edərək, orada yaratdıqları təşkilatlar vasitəsilə Azərbaycanla bağlı tədbirlər, layihələr həyata keçirə bilərlər. C kateqoriyasında da fərdi gənclər müraciət edərək, bu məsələləri həyata keçirə bilərlər və bundan kifayət qədər yararlanan gənclərimiz var. Hər bir Azərbaycan gənci ölkə daxilində və ya xaricdə olmasından asılı olmayaraq Azərbaycanın ədalətli mövqeyi daim dəstəkləməlidirlər.
– Gənclər Fondunun gələcək planları haqqında nə deyə bilərsiniz?
– Bunun üçün universitetlərdə, gənclərin daha çox toplaşdığı məkanlarda xüsusi təqdimatlar və infosessiyalar təşkil etmək fikrindəyik. Bunun vasitəsilə də gəncləri Gənclər Fonduna müraciət etmək üçün həvəsləndirmək və onlara müraciət yollarını daha asan bir şəkildə izah etmək nəzərdə tutulub. Eyni zamanda fondun ən geniş yayılmış sosial şəbəkələrdə də öz hesabları var ki, burada da gənclərlə mütəmadi olaraq fondun əməkdaşları təmasda olur, onları maraqlandıran bütün fikir və təkliflər tərəfimizdən cavablandırılır və yönləndirilir. Daha çox gənci əhatə etməyi hədəfləyirik.
– Seçki ilə bağlı fikirləriniz…
– Ümumiyyətlə Gənclər Fondunun siyasi fəaliyyətlərdə aktiv iştirak etmədiyini bildirmək istərdim. Ancaq biz hər birimiz Azərbaycan Respublikasının vətəndaşıyıq və vətəndaş olaraq qeyd etməliyəm ki, gənclərin gələcəyinə ünvanlanan, gələcəyinin xoşbəxt qurulmasına istiqamətlənən fikirləri dəstəkləyirəm. Mən düşünürəm ki, gənclər ən layiqli namizədə səs verəcəklər. Gənclər bilirlər ki, Azərbaycanın davamlı inkişaf tempini mövcud səviyyədə saxlayan və daha da inkişaf etdirmək iqtidarında olan yeganə namizəd ulu öndər Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevdir. Bu səbəbdən də gənclər cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşdiklərini 9 oktyabr tarixində öz seçimləri ilə bir daha təsdiqləyəcəklər.
Xəyalə GÜNƏŞ