Mən Səbuhi Xəlili, ADA Universitetində maqistr təhsili alıram. Gənclər Fondunun VI qrant müsabiqəsinin qaliblərindən biri olaraq “Universitetlər arası BMT Modeli” layihəsini keçirmişəm. 2 ilə yaxın beynəlxalq BMT Modellərində təcrübə topladıqdan sonra Azərbaycanda da bu ənənənin yayılmasına öz töhvəmi vermək üçün bu layihəni keçirmək qərarına gəldim.
Qrant müsabiqəsinə müraciət etməmişdən əvvəl iştirakçı qismində qatıldığım digər layihələrdən Fond haqqında çoxlu məlumata sahib idim. VI qrant müsabiqəsi elan olunduğu vaxt itirmədən müraciət etmək qərarında gəldim.
Müraciətimə müsbət cavab verilərək layihə üçün 3200 AZN vəsait ayrıldı. BMT İnkişaf Proqramının və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin də layihəyə dəstək verməsindən sonra rəhbərlik etdiyim ADAMUN klubu ilə sürətlə hazırlıqlara başladıq.
Uzun hazırlıq prosesindən sonra nəhayət Azərbaycanda ilk universitetlərarası BMT Modeli Konfranslarından birinin təşkilinə nail olduq.
Layihə olduqca uğurlu alındı, belə ki, layihə başa çatmasından sonra belə tədbir iştirakçıların BMT Modelləri ilə maraqlanmağını və başqa bu tipli tədbirlərə müraciət etdiyini müşahidə etməkdəyəm.
Hər nə qədər müəyyən məqamlarda gərgin iş rejimi çətinliklər törətsə də Azərbaycan gəncliyi adına faydalı bir iş görmək və xüsusilə də gördüyüm işin gənclər üzərində müsbət nəticələr verdiyini görmək çox gözəl və qürürverici bir hissdir. Əlbəttə ki, bu son deyil, Fondun dəstəyilə görə biləcəyim qarşıda hələ çox layihələr var.