[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/09/F-21.jpg” ]
Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevin Azərbaycan qəzetinə mühasibəsi
Gənclər Fondunun əsas missiyası vətənpərvər, sağlam düşüncəli yeni nəslin formalaşmasına, gənclərin ictimai fəallığının artırılmasına və onların ideyalarının, təşəbbüslərinin dəstəklənməsinə xidmət etməkdir.
Ölkəmizdə həyata keçirilən inkişaf siyasəti bütün sahələrdə çoxsaylı uğurların əldə edilməsinə səbəb olub. Eyni zamanda, bu uğurlardan ölkəmizin gənclərinə də pay düşüb. Ümumiyyətlə, dövlət tərəfindən həyata keçirilən gənclər siyasəti ölkə əhalisinin 60 faizdən çoxunu təşkil edən gənclərin hərtərəfli inkişafına, məşğulluq və təhsil səviyyəsinin yüksəldilməsinə, onların dünyagörüşünün, fiziki və mənəvi sağlamlığının artırılmasına hesablanıb.
Gənclərin fəaliyyət və təşəbbüsləri dövlət tərəfindən kütləvi dəstəklənir.
Dövlətin bu yöndə həyata keçirdiyi siyasət çox uğurludur və artıq bu uğurların nəticələri gənclərin həyat və fəaliyyətində açıq-aşkar nəzərə çarpmaqdadır. Bu da səbəbsiz deyil. Belə ki, Azərbaycan hakimiyyəti gənclərin bilik və bacarıqlarının hərtərəfli formalaşmasını, ölkədə səriştəli kadr və mütəxəssis ordusunun yetişməsini, bir sözlə, neft kapitalının insan kapitalına çevrilməsini ən əsas prioritetlərdən biri olaraq elan edib. Uğurla aparılan gənclər siyasətinin müsbət nəticələri göz önündədir. Dövlət başçısı son iki il ərzində gənclərlə 4 dəfə görüşüb, onların təkliflərini, fikirlərini dinləyib, öz tövsiyələrini verib, gənclər təşkilatlarının sərgisinə baxış keçirib və gəncliyimizə tam dəstək verdiyini bir daha söyləyib. Hakimiyyətin diqqət və qayğısı ilə əhatə olunmuş ölkə gəncliyi bu gün çox dinamik inkişaf mərhələsindədir. Gənclərin bu inkişafı özünü sosial-ictimai, mədəni, siyasi və digər sahələrdə qabarıq göstərir.
Onu da vurğulamaq istərdim ki, Azərbaycanda gənclər sahəsində intensiv və uzunmüddətli inkişaf, təhsil proqramları həyata keçirilir. Məsələn, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı qəbul edilib və bu proqram da çox effektiv şəkildə həyata keçirilir. Sözügedən proqram çərçivəsində həyata keçirilən ən uğurlu layihələrdən biri Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılmasıdır. Təsadüfi deyil ki, məhz Gənclər Fondunun fəaliyyətə başlaması ilə kütləvi sayda gənclərin fəaliyyət və təşəbbüsləri dövlət tərəfindən dəstəkləndi. Bundan başqa, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində 2015-ci ilə qədər 5 minə qədər gənc inkişaf etmiş xarici ölkələrdə mükəmməl ali təhsil alacaqdır.
Daha da çox gəncin təşəbbüslərini, ideyalarını, təkliflərini, istəklərini reallaşdırmaq, həyata keçirmək istiqamətində atılan addımları sürətləndirmək, daha çox gəncə dəstək olmaq, gənclər üçün elə məhz gənclər tərəfindən gəlmiş layihələri reallaşdırmaq üçün belə bir fondun yaradılması zərurəti var idi. Bunun üçün də 2011-ci il dekabrın 19-da Azərbaycan Gənclər Fondu məhz “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının tərkib hissəsi kimi yaradıldı və fonda Prezident tərəfindən ilk olaraq 5 (beş) milyon manat vəsait ayrıldı.
Gənclər Fondu ötən müddət ərzində gənclərin maraqlarına cavab verən, onların inkişafına xidmət edən və ictimai fəallığını artıran layihələrə dəstək göstərməyə çalışdı. Biz gənclərə öz fikirləri və təklifləri ilə çıxış etmək imkanı yaratdıq. Mühüm məqamlardan biri də odur ki, ölkəmizdə ilk dəfə olaraq Gənclər Fondu gənclərin fərdi layihələrini də dəstəkləyir. Yəni gənclər yalnız təşkilat qismində deyil, individual şəkildə də bizə müraciət edərək ideyalarını reallaşdıra bilirlər.
Gənclərlə səmərəli əməkdaşlıq real nəticələrini verir.
Fondun bütün fəaliyyətini gənclərə vaxtında çatdırmaq üçün ölkədə ilk dəfə olaraq yalnız internet vasitəsilə layihələr qəbul olundu. Azərbaycan Gənclər Fondunun saytını iki dildə – Azərbaycan və ingilis dillərində istifadəyə verdik (www.youthfoundation.az). Bununla yanaşı, gənclər arasında müsabiqə elan edərək fondun loqosunu seçdik. Gənclər, təşkilatlar vasitəsilə və eləcə də fərdi şəkildə saytımızda qeydiyyatdan keçərək öz layihələrini təqdim etdilər. Layihələrə qrantların ayrılmasını 5 kateqoriya üzrə müəyyən etdik. Bu kateqoriyalar A – yerli layihələr, B – beynəlxalq layihələr, C – gənclərin fərdi layihələri, D – beynəlxalq tədbirlərdə iştirak qrantları və E – xarici vətəndaşların tədqiqat layihələri üzrə bölünür. Gənclər Fondu bütün Azərbaycan gəncləri üçün fəaliyyət göstərir. Biz bütün gənclərdən layihə təklifləri gözləyirik. Gəncləri əhatə edəcək və onların inkişafına yönələcək bütün təkliflər bizim marağımızdadır.
Gənc alimlərin, ixtiraçıların fəaliyyətlərinə dəstək göstərilməsi də Gənclər Fondunun fəaliyyət istiqamətlərinə daxildir. Saytımızda yaradıcı gənclər üçün xüsusi kateqoriya mövcuddur. Gənc alimlər və ixtiraçılar bu kateqoriya üzrə müraciət edərək layihələrini təqdim edə bilirlər. Məhz yaradıcı gənclər üçün olan bu kateqoriyaya gənclərin intellektual və yaradıcı potensialının inkişaf etdirilməsi, yaradıcı gənclərin teatr, kino, memarlıq, dizayn, müasir incəsənət sahəsində layihələri, animasiya və filmləri, gənc ixtiraçılar və xüsusi istedadlara malik olan gənclərə dəstək layihələri aiddir. Yaradıcı gənclər istər bu kateqoriya üzrə, istərsə də səfər qrantları üzrə müraciət edərək fonddan dəstək ala bilirlər. Beynəlxalq səfərlər üçün ayrılan qrantlara müraciət edərək yaradıcı gənclər, həmçinin digər gənclər fondun köməyi ilə beynəlxalq tədbirlərdə iştirak imkanı qazanırlar. Bundan əlavə, səfər qrantları üzrə müraciət edərək gənc alimlər beynəlxalq elmi konfranslarda, seminarlarda, təlimlərdə iştirak etməklə öz bilik və bacarıqlarının artırılması istiqamətində yeniliklər əldə edə bilirlər.
Fond qısa müddət ərzində mühüm işlər görmüşdür. 2012-ci il iyun ayında ilk qrant müsabiqəsi elan olunmuş və fondun saytında qeydiyyatdan keçmiş 172 təşkilat və 83 fərdi şəxsdən yerli layihələr üzrə 127, beynəxalq layihələr və fərdi layihələr üzrə hər birinə 19 layihə təqdim olunmuşdur. Müşahidə Şurasının qərarına əsasən yerli layihələr üzrə 104, beynəlxalq layihələr üzrə 16, fərdi layihələr üzrə isə 9 layihə seçilərək daxil olan müraciətlərin 78 faizi dəstəklənmiş oldu.
Onu da bildirməyi vacib hesab edirəm ki, fond yarananda biz gənclərlə əməkdaşlığı müasir zamanın tələbinə, gənclərin bugünkü çağırışlarına uyğun və eyni zamanda şəffaflığın təmin edilməsi məqsədilə məhz internet vasitəsilə qurmağa qərar verdik. Gənclər üçün bizimlə əlaqə saxlamaq, müraciət etmək, istənilən məsələ ilə bağlı məlumat almaq çox asandır. Onlar birbaşa saytımıza müraciət edərək bizimlə ünsiyyətdə olurlar, onları maraqlandıran suallara cavab alırlar. Bizim istəyimiz gənclər üçün faydalı olmaq, onların ideyalarını, təşəbbüslərini həyata keçirmələrinə dəstək göstərməkdir. Gənclərdən isə ideyalar irəli sürməyi, fəal və təşəbbüskar olmağı gözləyirik.
Ölkəmizin dünya miqyasında tanınması istiqamətində görülən işlərə dəstək vermək məqsədilə keçirilən bir sıra beynəlxalq tədbirlərdə Azərbaycan Gənclər Fondu həm təşkilatçı, həm də iştirakçı qismində çıxış etmişdir. Buna misal olaraq İstanbulda keçirilən “Dövlətlərarası Əməkdaşlığın İnkişafı Prosesində Gənc Liderlərin Rolu” konfransı, Vyanada keçirilən “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” forumu, Manhaymda keçirilən “Gənc təbiblərin Almaniya Forumu” kimi beynəlxalq tədbirləri göstərmək olar. Bu kimi konfransların, forumların keçirilməsi həm Azərbaycanın beynəlxalq arenada tanınmasına, həm müxtəlif ölkələrdə yaşayan azərbaycanlı gənclərin bir araya gələrək fikir və təcrübə mübadiləsi aparmasına, əldə olunmuş uğurlardan və gələcəkdə həyata keçiriləcək fəaliyyətlərdən xəbərdar olmalarına xidmət edir.
Gənclər Fondunun layihələrinin 70 faizi regionlarda həyata keçirilir.
2 ilə yaxın bir müddət ərzində Gənclər Fondu qarşıya qoyulmuş məqsədlərin öhdəsindən gəlməyə çalışıb. Fond region gənclərini də unutmur, onlarla əməkdaşlığa xüsusi önəm verir. Region gəncləri üçün fondun əməkdaşları tərəfindən təqdimatlar keçirilib. Bu təqdimatlarda işğal altında olan bölgələrdən də gənclər iştirak ediblər. Məhz bu səbəbdən fonddan maliyyə dəstəyi almış layihələr çərçivəsində qaçqın və məcburi köçkün gənclərə həsr olunmuş bir sıra tədbirlər keçirilib və keçirilməkdədir. Əksər dünya ölkələrində gənclərin ideyalarını dəstəkləyən belə bir qurum, ümumiyyətlə, mövcud deyil. Ölkə rəhbərliyi tərəfindən uğurla həyata keçirilən və öz nəticələri ilə göz önündə olan dövlət gənclər siyasətinin tərkib hissəsi olaraq Gənclər Fondu gənclərimizə stimul verərək yeni ideyaların, təkliflərin, yeniliklərin dəstəklənməsinə xidmət edir.
Ümumilikdə deyə bilərəm ki, fondun fəaliyyəti bütün respublikanı əhatə edib. Azərbaycanın 63 bölgəsində həyata keçirilən layihələrin demək olar ki, 70 faizi regionlarda baş tutub. Bizim istəyimiz ölkəmizdə həyata keçirilən gənclər siyasətinin uğurlu icrasını təmin etmək məqsədilə məhz onların fəallığını artırmaq, ictimai-siyasi həyata cəlb etməkdir.
Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi və ermənilərin xalqımıza qarşı törətdiyi faciələrlə bağlı ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılması üçün də fond mühüm işlər görüb. Dağlıq Qarabağ münaqişəsi hər birimizin problemidir və istər Azərbaycanda, istərsə də Vətəndən uzaqda yaşayan hər bir azərbaycanlı gənc üçün bu məsələnin həlli çox vacibdir. Hər bir azərbaycanlı bu problemin həllində daha yaxından iştirak etmək istəyir və əminliklə deyə bilərəm ki, iqtidarın uğurlu siyasi kursunun məntiqi nəticəsi olaraq Dağlıq Qarabağ problemi çox yaxın bir zamanda öz həllini tapacaq.
Vətənpərvərlik və Dağlıq Qarabağ problemi layihələrdə əsas istiqamətlərdəndir.
Azərbaycan gəncləri olaraq biz də öz növbəmizdə Dağlıq Qarabağ münaqişəsi barədə gerçəkləri dünya ictimaiyyətinə çatdırmaq üçün tədbirlər həyata keçiririk. Vyanada keçirilən “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” mövzusunda forum Avropa ölkələrində təhsil alan azərbaycanlı gəncləri bir araya topladı. Forum çərçivəsində Azərbaycan Respublikasının rəsmiləri və ekspertləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi aspektlərindən, danışıqlar prosesinin hüquqi, humanitar və digər aspektləri ətrafında müzakirələr apardılar. Bundan əlavə, Gənclər Fondu ilk qrant müsabiqəsi zamanı müxtəlif kateqoriyalar üzrə məhz Dağlıq Qarabağ münaqişəsinə həsr olunan layihələrə maliyyə dəstəyi göstərdi. Qeyd edim ki, fondun ikinci qrant müsabiqəsi çərçivəsində beynəlxalq araşdırmalar kateqoriyası üçün təklif olunan yeni istiqamətlərin məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq tədqiqatçıların araşdırmaları layihələrin, xarici vətəndaşların Azərbaycan ilə bağlı tədqiqat layihələri və yalnız xarici ölkələrin gəncləri və gənclər təşkilatlarının Azərbaycan tarixinə və mədəniyyətinə dair tədqiqat işlərinin maliyyələşdirilmiş olması təsadüfi deyildir. Həmçinin fonddan qrant alan layihələr arasında məhz vətənpərvərliklə, Dağlıq Qarabağ problemi ilə bağlı gənclər arasında maarifləndirmənin gücləndirilməsi ilə bağlı layihələr çox olub.
Gənclər Fondu tərəfindən keçirilmiş ikinci qrant müsabiqəsi zamanı yerli layihələr, beynəlxalq layihələr və fərdi layihələr üzrə qeyri-hökumət təşkilatları və yaradıcı gənclərdən 387 layihə təklifi daxil olmuşdur. Müzakirələr nəticəsində Müşahidə Şurası yerli layihələr üzrə 117, beynəlxalq layihələr üzrə 18, fərdi layihələr üzrə 35 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul etmişdir. Maliyyə dəstəyi göstərilən layihələrlə yanaşı, fond tərəfindən də bir sıra tədbirlər reallaşdırılıb və qısa müddət ərzində gənclərin inkişafı üçün önəmli olan əhəmiyyətli məsələlər həll edilib. Məsələn, ulu öndərin 90 illik yubileyi ilə bağlı keçirilən portret aksiyası, “Açıq rəf” layihəsi, Mətbuat günü ilə bağlı gənc müxbirlər üçün keçirilmiş tədbir, regionlarda və Bakıda keçirilən qanvermə aksiyası, hazırda davam edən “Ən yaxşı sosial çarx” müsabiqəsi və bir çox bu kimi layihələr fondun öz təşəbbüsü ilə baş tutub. Gənclər Fondu onlarla Azərbaycan gəncinin xarici ölkələrdə keçirilən konfranslarda, tədbirlədə iştirakını maliyyələşdirib.
Fonda xarici ölkə gənclərindən və təşkilatlarından da layihələr daxil olur.
Ötən müsabiqələr zamanı gənclər təşkilatları və gənclər tərəfindən müxtəlif mövzuları əhatə edən, günümüzün əhəmiyyətli məsələlərinə toxunan, maarifləndirici, araşdırma, təkmilləşmə istiqamətli layihələr təqdim olunub. İstər incəsənət, idman, elm, təhsil, tibb, istərsə də ictimai-siyasi sahələri əhatə edən layihələr gənclərimizin cəmiyyətin inkişafında fəal iştirakını təmin edib. Gənclər Fondunun fəaliyyəti Azərbaycanda vətənpərvər, sağlam düşüncəli yeni nəslin yetişdirilməsi məqsədilə gənclərin azərbaycançılıq ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də onların ölkəmizin təbliğinə yönəldilən layihələrdə daha da geniş iştirakının təmin olunmasına yönəldilib.
Fond yarandığı gündən etibarən xarici vətəndaşların müraciətlərini beynəlxalq araşdırmalar kateqoriyası üzrə qəbul edir. Bu vaxta qədər xarici ölkə gənclərindən və təşkilatlarından bir sıra layihə təklifləri gəlib və hazırda Müşahidə Şurası tərəfindən həmin layihələrə baxılır. Gənclər Fondu Avropanın bir sıra gənclər təşkilatları, Avropa Gənclər Fondu, Avropa İttifaqının Gənclər Fəaliyyətdə Proqramı ilə əməkdaşlıq edir, müxtəlif layihələrin icrasında, konfranslarda, seminarlarda, forumlarda onlarla birgə fəaliyyət göstərir. Fond ayrı-ayrı ölkələrdə keçirilən tədbirlərdə Azərbaycanı təmsil edir və informasiya mübadiləsində fəal iştirak edir.
Ötən il Bakıda keçirilən “Sərhədsiz gənclər əməkdaşlığı” Beynəlxalq Forumu çərçivəsində gənclər fondu ilə Polşanın Təhsil Sisteminin İnkişafı Fondu arasında Anlaşma Memorandumu imzalanıb. Həmçinin Bakıya səfər edən müxtəlif ölkələrin gənclərindən ibarət nümayəndə heyətləri ilə fondun görüşləri keçirilir. Gənclər fondu tərəfindən dəstək göstərilən beynəlxalq layihələrin keçirilməsində əsas məqsəd ölkəmizi beynəlxalq səviyyədə layiqincə təmsil etmək, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında birbaşa iştirak etmək, bununla yanaşı, müxtəlif ölkələrdə yaşayan azərbaycanlı gənclərin bir araya gəlməsi, onların şəbəkələrinin yaradılması üçün imkan yaratmaq olub. Buna görə də Gənclər Fondu beynəlxalq layihələrin də keçirilməsində maraqlıdır və dəstək göstərməyə hazırdır.
Gələcək liderlər bugünün fəal gəncləridir.
Həyata keçirilən layihələrdə mövzular təkrarlanmasın deyə, yeniliklər gətirmək məqsədilə ötən günlərdə yekun vurulmuş üçüncü qrant müsabiqəsi üçün yeni istiqamətlər seçdik. Yerli layihələr üçün yeniyetmə və gənclərin vətənpərvərlik ruhunun gücləndirilməsi, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, onların sağlamlığının qorunması (tibbi maarifləndirmə, idman və s., ekoloji mühitin mühafizəsi və yaxşılaşdırılması (ekoloji maarifləndirmə, ekoturizm, ekoloji kampaniyalar və s.), mədəniyyət və incəsənətin inkişafı (tarixi abidələrin qorunması, milli ədəbiyyatın təbliği, gənc yazarlara dəstək, milli mətbəxin tanıdılması, master-klasslar – ustad dərsləri və s.), asudə vaxtın səmərəli təşkili (ixtisaslaşmış yay düşərgələri, yay məktəbləri, gənclərin peşə bacarıqlarının artırılması və s.), gənclərin sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi, ictimai davranış qaydalarının təbliği, xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyası, insan alverinə və erkən nikahlara qarşı mübarizə, region gənclərinin ictimai fəallığının artırılması kimi prioritet sahələr müəyyən etdik. Həmçinin beynəlxalq layihələr üzrə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq könüllülük və gənclər proqramlarının Azərbaycanda təşviqi, Azərbaycan gənclər təşkilatlarının beynəlxalq gənclər platformaları ilə əməkdaşlığı, xaricdə təhsil alan və yaşayan azərbaycanlı gənclərin Azərbaycanla bağlı təşəbbüslərinin dəstəklənməsi, xarici ölkələrin gənclərinin iştirakı ilə Azərbaycanda tədbirlərin təşkili kimi istiqamətlər əsas götürüldü.
Müsabiqə çərçivəsində gənclərin fərdi müraciətləri üçün müəyyən yeni istiqamətlər təqdim olundu. Bunlar intellektual gənclərin təşəbbüslərinə dəstək, gənclərin sosial şəbəkələrdən səmərəli istifadəsinin təşviqi, gənclərin informasiya cəmiyyətinə təsiri (ictimai əhəmiyyət kəsb edən internet resurslarının yaradılması), sağlamlıq imkanları məhdud olan gənclər üçün sosial tədbirlər, mədəni dəyərlərin təbliğində gənclərin rolunun artırılması, istedadlı gənclərin ixtiralarının və müxtəlif sahələrdəki (musiqi, rəssamlıq, memarlıq, kino yaradıcılığı, cizgi filmi və animasiyalar, sosial çarxlar, kompyuter oyunları, bədii əsərlər və s.) innovativ ideyalarının dəstəklənməsi, istedadlı və yaradıcı gənclərin iştirakı ilə yerli və beynəlxalq tədbirlərin təşkili idi. Müsabiqə zamanı qeyri-hökumət təşkilatları və yaradıcı gənclər tərəfindən təqdim olunmuş 421 layihədən 331-i qalib olmuşdur. Müzakirələr nəticəsində Müşahidə Şurasının qərarına əsasən yerli layihələr üzrə 139, beynəlxalq layihələr üzrə 10, fərdi layihələr üzrə 182 layihə maliyyələşdirilərək daxil olan müraciətlərin 79 faizi dəstəklənmişdir.
Bu gün gənclərin sosial həyatın bütün sahələrində aktivliyi artmaqdadır. Həmçinin könüllülük işinin təşkilində gənclərimiz fəal iştirak edirlər. Gələcək liderlər bugünün fəal gəncləridir. Buna görə də müasir imkanlardan, yaranmış şəraitdən istifadə edərək formalaşan gənc liderlərə böyük ümidlər bəslənir.
Qeyd olunanlardan da göründüyü kimi, fonda daxil olan və dəstəklənən müraciətlərin sayı artmışdır.
Azərbaycan gəncliyi aparıcı sosial-siyasi qüvvəyə çevrilib.
Son olaraq onu da qeyd edim ki, respublikamızda dövlət gənclər siyasətinin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər tərəfindən əsası qoyulmuş və bu gün müvəffəqiyyətlə həyata keçirilən dövlət gənclər siyasətinin uğurlu icrası nəticəsində gənclər üçün prioritet olan sahələrdə müsbət dəyişikliklər baş verib. Azərbaycan gəncliyinə göstərilən dövlət dəstəyi və qayğısının bariz nümunəsi kimi Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun fəaliyyətini misal göstərmək olar. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən Gənclər və İdman Nazirliyi tərəfindən regionlarda gənclər evləri, gənclər mərkəzləri yaradılıb.
Bu gün Azərbaycan gəncliyinin onun arxasında dayanan, hər zaman dəstək verməyə hazır olan bir dövləti var. Gənclərin maarifləndirilməsinə dair ölkəmiz hər cür şərait yaradır, bir çox şeylər isə gənclərin öz əlindədir. Azərbaycan dövlətinin gəncliyin inkişafı, aktual məsələlərinin həlli üçün geniş maddi və mənəvi imkanları var. Sadəcə istəyimiz odur ki, Azərbaycanın hər bir vətəndaşı ölkə problemlərinin həllinə nə dərəcədə qadir olduğunu düşünsün. Hər biri gələcək üçün cavabdehlik daşıdığını hiss etsin və “böyük və güclü birinin gəlib onun yerinə hər şeyi həll etməsini gözləməsin”. Belə olmur, heç yerdə və heç vaxt! Və Avropada müşahidə etdiyimiz, əsaslandığımız və uğrunda mübarizə apardığımız demokratiya birdən yaranmır. Heç bir “inqilab” onu yaratmır, çünki demokratiya – məhz cəmiyyətin inkişafının nəticəsidir.
Böyük fəxrlə demək olar ki, müasir Azərbaycan gəncliyi Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilib. Müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak ediblər. Azərbaycan gənclərinin cəmiyyətin müasir, inkişaf etmiş, yüksək intellektli nümayəndələri kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olub. Ümummilli lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyib, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu öndər gənclərlə bağlı məsələləri dövlət siyasətinin əsas tərkib hissələrindən biri hesab edirdi, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirirdi, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Azərbaycanda gənclərin inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb, uşaq və gənclərin qeyri-hökumət təşkilatlarının fəaliyyətlərinin təşkili üçün şərait yaradılıb. İndi əsas vəzifə gənclərin bu imkanlardan yararlanması, həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmasıdır.
Ümumiyyətlə deyə bilərəm ki, son on il ərzində gənclər siyasətinə ayrılan diqqət və qayğı onu göstərir ki, Azərbaycanın sosialyönümlü dövlət siyasətində gənclər sektoru ən önəmli prioritetlərdən birinə çevrilib. Bu gün Azərbaycanın gənclər siyasəti nəinki bölgədə, hətta bütün dünyada bir nümunə modeli kimi göstərilir və qəbul olunur. Azərbaycan dövləti hər bir gəncin qayğısına qalır, onun inkişafı üçün şərait yaradır.
Fərhad Hacıyev,
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru