Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu (bundan sonra – “Fond”) gənclər təşkilatlarını və 16-29 yaş həddində olan fiziki şəxsləri 8-ci qrant müsabiqəsində iştirak etmək üçün “A”, “B” və “C” kateqoriyaları üzrə layihə təkliflərini təqdim etməyə dəvət edir.
Müsabiqənin məqsədi gənc nəslin intellektual və mənəvi inkişafının təmin edilməsinə, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına kömək etməkdir.
Müsabiqənin prioritet istiqamətləri aşağıdakılardır:
“A” kateqoriyası üçün təklif olunan istiqamətlər:
- yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi;
- gənclərin iştirakı ilə intellektual müsabiqələrin, yarışların, festivalların olimpiadaların və s. keçirilməsi;
- incəsənət sahələri üzrə (musiqi, teatr, rəsm, heykəltaraşlıq və s.) müsabiqə və sərgilərin təşkili;
- xüsusi qayğıya ehtiyacı olan gənclərin yaradıcılıq qabiliyyətinin və təhsil imkanlarının artırılması;
- şəhər nəqliyyatında, yollarda, park və xiyabanlarda ictimai davranış qaydalarının təbliği;
- gənc KİV işçilərinin peşəkarlığının artırılması;
- dini radikallıq və ekstremizmə qarşı yönəlmiş maarifləndirici tədbirlər;
- erkən nikahların qarşısının alınması sahəsində maarifləndirmə;
- internat və uşaq evləri məzunlarının, eləcə də penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş yeniyetmə və gənclərin sosial adaptasiyasına dəstək;
- ekoloji mühitin mühafizəsi və yaxşılaşdırılması;
- region gənclərinin ictimai fəallığının artırılması;
- IV İslam Həmrəyliyi Oyunları (2017) ilə bağlı təbliğat kampaniyasına ictimai dəstək (həvəskarlar arasında idman yarışlarının təşkili).
“B” kateqoriyası üçün təklif olunan istiqamətlər:
- Azərbaycanın təbliği və Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;
- Azərbaycanın gənclərlə iş sahəsində təcrübəsinin təbliğinə həsr olunmuş beynəlxalq tədbirlər;
- “Gəncə – Avropa Gənclər Paytaxtı 2016” kampaniyası çərçivəsində tədbirlər;
- beynəlxalq könüllülük və gənclər proqramlarının Azərbaycanda təbliği.
“C” kateqoriyası üçün təklif olunan istiqamətlər:
- gənclərin iştirakı ilə intellektual müsabiqələrin, yarışların, festivalların, olimpiadaların və s. keçirilməsi;
- incəsənət sahələri üzrə (musiqi, teatr, rəsm, heykəltaraşlıq və s.) müsabiqə və sərgilərin təşkili;
- istedadlı gənclərin ixtiralarının və innovativ ideyalarının dəstəklənməsi;
- gənclərin elmi fəaliyyətinin təşviq edilməsi;
- yeniyetmə və gənclər arasında bədii və elmi ədəbiyyata marağın artırılması;
- gənclərin natiqlik bacarıqlarının inkişaf etdirilməsi;
- gənclərin maraq klublarının yaradılması və asudə vaxtlarının səmərəli təşkili;
- ictimai davranış qaydalarının təbliği;
- erkən nikahların qarşısının alınması sahəsində maarifləndirmə;
- ənənəvi peşə və sənət sahələrinə marağın artırılması;
- ekoloji mövzuda maarifləndirmə;
- ətraf mühitin məişət tullantılarından təmizlənməsi;
- gənclər arasında idman yarışlarının təşkili.
Qayda və tələblər:
Müsabiqədə kimlər iştirak edə bilər?
- Müsabiqədə yalnız 2014-cü ilin sonunadək dövlət qeydiyyatına alınmış gənclər təşkilatları və 1986-cı il dekabrın 18-dən 2000-ci il yanvarın 15-dək anadan olmuş fiziki şəxslər iştirak edə bilərlər.
- Gənclər təşkilatları müsabiqəyə “A” və “B” kateqoriyalarından yalnız biri üzrə 1 layihə təqdim edə bilər.
- “A” və ya “B” kateqoriyası üzrə layihəsinin icrası başa çatmış, lakin 2016-cı il yanvar ayının 29-dək təsviri və maliyyə hesabatlarını Fonda təqdim etməmiş resipiyentlərin müraciətlərinə baxılmayacaq.
- “A” və ya “B” kateqoriyası üzrə layihə təqdim edən gənclər təşkilatlarının rəhbərləri və həmin layihələrin işçi heyəti “C” kateqoriyası üzrə layihə təqdim edə bilməzlər.
- 7-ci qrant müsabiqəsi çərçivəsində “C” kateqoriyası üzrə Fonddan maliyyə dəstəyi almış fiziki şəxslərin müraciətlərinə baxılmayacaq.
- Fondla müqavilənin imzalanması və layihənin idarə olunması resipiyent tərəfindən şəxsən həyata keçirilməlidir. Yalnız müvafiq tibbi arayış təqdim edildikdə, resipiyentin üzrlü səbəbdən layihəni idarə edə bilməməsi məsələsinə baxıla bilər.
Layihə təklifləri hansı sahələri əhatə etməlidir?
- Layihə təklifləri yalnız bu elanda göstərilmiş istiqamətlərdən birinə uyğun gəldiyi halda nəzərdən keçiriləcəkdir.
- Siyasi, dini və ya xeyriyyə fəaliyyəti, xaricdə təhsil, humanitar yardım və gəlirin artırılmasını nəzərdə tutan layihə təklifləri maliyyələşdirilməyəcəkdir.
Layihə təklifi necə tərtib olunmalıdır?
- Layihələr bu elanda göstərilmiş istiqamətlərə və tələblərə uyğun hazırlanmalıdır. Layihə təklifləri reallığı əks etdirməli, icrası gənclər təşkilatları və fiziki şəxslər tərəfindən mümkün olmalıdır.
- Layihə təklifinin maliyyələşdirilməsi üçün Fonddan istənilən məbləğ “A” kateqoriyası üzrə 20 000 (iyirmi min), “B” kateqoriyası üzrə 30 000 (otuz min), “C” kateqoriyası üzrə 4 000 (dörd min) AZN-dən çox olmamalıdır.
- Müsabiqəyə təqdim olunmuş layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.
- Layihələrin icrasına 2016-ci il may ayının 1-dən sonra başlanıla bilər.
Müsabiqənin müddəti:
- Layihə təklifləri 2015-ci il dekabr ayının 18-dən başlayaraq təqdim edilə bilər.
Layihə təkliflərinin qəbulu üçün son tarix:
15 yanvar 2016-cı il saat 18:00
- Layihə təklifləri “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqələrində iştirak etmək üçün gənclər təşkilatlarının və fiziki şəxslərin qeydiyyata alınmasına dair Təlimat”a və “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun hazırlanmalıdır.
- Layihələr “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna daxil olan layihələrin qiymətləndirilməsi Meyarları”na uyğun dəyərləndiriləcək və maliyyələşdirilməsi barədə müvafiq qərar qəbul olunacaqdır.
- Müsabiqənin nəticələri Fondun rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.
Fondla əlaqə:
Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küç, 93, 4-cü mərtəbə.
Telefon: (+99412) 498 95 90
Faks: (+99412) 498 95 89
Email: [email protected]