Mən, Türanə Hüseynli. Aparıcıyam. Gənclər Fondunun 5-ci qrant müsabiqəsi çərçivəsində ayrılmış 4500 AZN maliyyə vəsaiti ilə “Əlcəfin” layihəsini həyata keçirmişəm. Aparıcılarından biri olduğum MAG verilişində Gənclər Fondu haqqında verilişimiz olmuşdu və Fondun icraçı direktoru Fərhad Hacıyev qonaq qismində iştirak edirdi. Fond haqqında ilk dəfə ordan məlumat almışdım. Zamanla verilişimizə Gənclər Fondunun vasitəsilə layihələr edən gənclər qonaq olurdu. Və beləliklə bu qurum haqda ümumi fikir yaranmışdı. Qrant müsabiqəsi elan olunmamışdan bir neçə ay əvvəl öz verilişimi yaratmaq haqda fikirlər yaranmışdı. Verilişin adı, formatı hazır olandan sonra, başlanğıcda reallaşması üçün lazım olacaq dəstəyi necə alacağımı düşünürdüm. Gənclər Fonduna təqdim edə biləcəyimi dedilər və qrant müsabiqəsinə layihəmi yazdım. Ən çətini bəlkə də komandanı toplamaq oldu, amma dəydi. Ən yaxşı, istedadlı gənc komanda ilə işlədim. Layihənin ideyası yarananda hədəf kütləsi 16-25 yaş arası nəzərdə tutulmuşdu.Yəni gənc kütlə. Və verilişin hələ az buraxılışının yayımlanmasına baxmayaraq, aldığımız müsbət fikirlər istədiyim nəticəni əldə edə biləcəyimə ümid yaradır. Xatırladım ki, “Əlfəcin” verilişi hazırda sosial şəbəkələrdəki rəsmi səhifələrində yayımlanır.
Sonda isə, gənclərə üzümü tutub qısa olaraq demək istərdim ki, bəhanə axtarmaq lazım deyil, iş görmək lazımdı.