Mən, Orxan Oruc-zadə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə ölkəmizi Türkiyə, Ruminiya və Böyük Britaniya kimi ölkələrdə keçirilən beynəlxaq tədbirlərdə təmsil etmişəm.Gənclər Fondunun 5-ci qrant müsabiqəsi çərçivəsində ayrılmış 2800 manat maliyyə vəsaiti ilə “ASAN Könüllüləri” Gənclər Təşkilatının tərəfdaşlığı altında abituriyentlərin ixtisas seçiminə dəstək üçün “Peşəm gələcəyimdir” layihəsini (www.ixtisas.az) həyata keçirmişəm.
Gənclər Fondunun yaradılması ilə bağlı xəbəri hərbi xidmətdə olarkən eşitmişdim və bir gənc olaraq bu xəbərə çox sevinmişdim. Azərbaycan Dövlət Pedagoji Universitetində psixologiya ixtisası üzrə bakalavr və magistr təhsili almışam. Tələbə olduğum dövrdə Avropa Gənc Psixoloqlar Assosasiyası ilə əməkdaşlıq əlaqəsi yaratmış, 2 il müddətində təşkilatın Azərbaycan üzrə milli nümayəndəsi olmuşam. Tələbəlik illərində bir neçə dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə bu təşkilatın tədbirlərində iştirak etmiş və əməkdaşlıq əlaqəsinin güclənməsi nəticəsində psixologiya istiqaməti üzrə təhsil alan 20-ə yaxın Azərbaycanlı tələbələrin də bu təşkilatın konfranslarında iştirakını təmin etmişik.
Bu kimi beynəlxalq tədbirlərdə iştirak ölkəmizin kadr potensialının formalaşmasına müsbət təsiri ilə yanaşı həmçinin inkişaf etmiş ölkələrin elmi və təcrübi biliklərinin ölkəmizə axınına şərait yaradır.
Hal-hazırda öz ixtisasım üzrə dünyanın ən yaxşı 30 universitetindən biri olan Gent Universitetində (Belçika) təhsilimi davam etdirirəm. Düşünürəm ki, xaricdə təhsil almaq həvəsinin yaranmasında və universitetlər arasından seçim etməkdə Gənclər Fondunun dəstəyi ilə iştirak etdiyim beynəlxalq tədbirlərin əvəzsiz rolu var. Təhsilimi bitirdikdən sonra ixtisasımla bağlı əldə etdiyim bilik və təcrübəni öz cəmiyyətimizin psixi sağlamlığının qorunması istiqamətində istifadə edəcəm.