“Ümumiyyətlə, Azərbaycanın dövlət gənclər siyasəti dünya üçün nümunə olacaq modeldir”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Azərbaycan dövlətinin həyata keçirdiyi gənclər siyasəti və bu siyasətin gənclərin intellektual təfəkkürünün formalaşmasındakı rolundan danışarkən deyib. İcraçı direktorun sözlərinə görə, Azərbaycan gənclər siyasətinin əsas istiqaməti ölkəmizin gəncidir, onun gənc vətəndaşı, arzuları, istəyi, ehtiyaclarını ödəmək üçün qurulmuş bir siyasətdir: “Məsələn, dünyada elə bir ölkə yoxdur ki, onun rəhbəri mütəmadi olaraq gənclərlə görüşsün. Amma cənab Prezident İlham Əliyev ildə 2-3 dəfə gənclərlər görüşür və açıq dialoq təşkil olunur. Ümumiyyətlə, belə bir nümunə dünyanın heç bir yerində yoxdur. Bu gün Azərbaycanda gənclərlə bağlı dövlət proqramları qəbul edilir. Həmin dövlət proqramları və onun maliyyəsi xüsusi tədbirlər planına əlavə olunur. Burada dövlətin gənclərə olan konkret münasibətindən söhbət gedir. Yəni, biz xaricdə gənclərlər bağlı bir çox dövlət proqramlarını görmüşük. Amma onlar yalnız kağız üzərində yazılan sözlərdən ibarət olur. Ümumiyyətlə Azərbaycanda gənclər siyasəti dövlətin bir prioritet istiqamətidir. Təbii ki, biz bununla da fəxr edə bilərik”.
Ceyhun Rasimoğlu