[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/08/Farhad_Hajiyev_090310.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevin Ədalət qəzetinə müsahibəsi
-Fərhad müəllim, rəhbərlik etdiyiniz Fondun nizamnaməsində Gənclər Siyasətində öz əksini tapan bir sıra müddəalar yer alıb. Maraqlıdır, fəaliyyət göstərdiyiniz müddət ərzində Fond olaraq Gənclər Siyasətinin həyata keçirilməsinə nə kimi töhfələriniz olub?
-Sürətlə inkişaf etməkdə olan ölkəmizdə sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakı nəzərə çarpır və burada təbii ki, dövlətin də gənclər üzərində diqqət və qayğısı böyük rol oynayır. Gənclər nəinki bu prosesin iştirakçısı qismində, hətta həyata keçirilən fəaliyyətlərin aparıcı qüvvələri kimi çıxış edirlər.Bu gün gəncliyin innovativ potensialından geniş istifadə olunaraq cəmiyyətin maraqlarının təmin edilməsinə şərait yaradılır. Belə ki, hazırda istənilən sahədə gənclərin fəallığına rast gəlmək olar.Azərbaycanda çox uğurlu gənclər siyasəti həyata keçirilir.Mən bu gün tam əminliklə deyə bilərəm ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti bütün dövlətlər üçün nümunə ola bilər. Dövlət çalışır ki, heç bir gənc bu diqqət və qayğıdan kənarda qalmasın, yaradılmış imkanlardan maksimum faydalansın.Ümummilli lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyirdi və dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu öndər gənclərlə bağlı məsələləri həmişə dövlət siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Bu gün ölkəmizdə gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilib, Cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti bu gün gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırıb.Azərbaycanda gənclərin inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb.İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanıb, həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmaqdır.Gənclərə olan dövlət qayğısının ən bariz nümunələrindən biri məhz Gənclər Fondunun yaradılmasıdır.Qısa müddətdir fəaliyyətə başlamasına baxmayaraq Gənclər Fondu gənclər arasında kifayət qədər tanındı.Yüzlərlə gənc, gənclər təşkilatı müxtəlif ideyalarla, təkliflərlə Fonda müraciət etdi.Hal-hazırda Fondun ikinci qrant müsabiqəsinin qalibi olan layihələrin icrası, eyni zamanda 3-cü qrant müsabiqəsinə layihə müraciətləri üçün ayrılan vaxt başa çatıb.Gənclər Fondu tərəfindən keçirilmiş ilk qrant müsabiqəsi zamanı Müşahidə Şurasının qərarına əsasən yerli layihələrüzrə 104 layihə, beynəlxalq layihələrüzrə 16 layihə, fərdi layihələrüzrə isə 9 layihə seçilmişdir. Ümumilikdə, layihə müraciətlərinə əsasən fərdi gənclər və QHT-lər tərəfindən təqdim olunan layihələrə 1 950 820 manat maliyyə vəsaiti ayrılmışdır. Hal-hazırda icrası davam edən ikinci qrant müsabiqəsi zamanı isə yerli layihələr, beynəlxalq layihələr vəfərdi layihələr üzrə qeyri-hökumət təşkilatları və yaradıcı gənclərdən cəmi 387 layihə təklifi daxil olmuşdur. Müzakirələr nəticəsində Müşahidə Şurası yerli layihələr üzrə 117, beynəlxalq layihələr üzrə 18, fərdi layihələr üzrə 35 layihənin (cəmi 170 layihə) maliyyələşdirilməsi barədə qərar qəbul etmişdir. Həmin layihələrin maliyyələşdirilməsinə 1 389 740 manat vəsait ayrılmışdır.Maliyyə dəstəyi göstərilən layihələrlə yanaşı, Fond tərəfindən də bir sıra tədbirlər reallaşdırılıb və qısa müddət ərzində gənclərin inkişafı üçün önəmli olan əhəmiyyətli məsələlər həll edilib. Məsələn, “Açıq rəf” layihəsi, Mətbuat günü ilə bağlı gənc müxbirlər üçün keçirilmiş tədbir, Regionlarda və Bakıda keçirilən Qanvermə aksiyası, hal-hazırda davam edən “Ən yaxşı sosial çarx” müsabiqəsi, Ulu Öndərin 90 illik yubileyi ilə bağlı keçirilən portret aksiyası və onlarla bu kimi layihələr Fondun öz təşəbbüsü ilə keçirilib. Fond, həmçinin, region gəncləri üçün Fondun təqdimat mərasimlərini keçirib.Təqdimatların keçirilməsində əsas məqsəd region gənclərini də Fondun fəaliyyəti bağlı məlumatlandırmaq, onlara Fonda müraciət etmək, müsabiqələrdə iştirak etmək qaydaları barədə məlumat verməkdir.Bununla yanaşı, Gənclər Fondu onlarla Azərbaycan gəncinin xarici ölkələrdə keçirilən konfranslarda, tədbirlədə iştirakını maliyyələşdirib.
-Fond artıq 3-cü qrant müsabiqəsini elan edib. Keçən iki müsabiqə nəticələrinə görə nə kimi uğurlar əldə olunub?
Ötən müsabiqələr zamanı gənclər təşkilatları və gənclər tərəfindən olduqca müxtəlif mövzuları əhatə edən, günümüzün əhəmiyyətli məsələlərinə toxunan, maarifləndirici, araşdırma, təkmilləşmə istiqamətli layihələr təqdim olunub.İstər incəsənət, idman, elm, təhsil, tibb, istərsə də ictimai-siyasi sahələri əhatə edən layihələr gənclərimizin cəmiyyətin inkişafında fəal iştirakını təmin edib.Gənclər Fondunun fəaliyyəti Azərbaycanda vətənpərvər, sağlam düşüncəli yeni nəslin yetişdirilməsi məqsədi ilə gənclərin azərbaycançılıq ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də onların ölkəmizin təbliğinə yönəldilən layihələrdə daha da geniş iştirakının təmin olunmasına yönəldilib. Ötən bir il ərzində Gənclər Fondu yerli və regional layihələrlə yanaşı, bir sıra beynəlxalq layihələri də maliyyələşdirib, beynəlxalq layihələrdə iştirak edib. Fond Azərbaycanda ilk dəfə olaraq gənclərin layihələrini internet vasitəsilə qəbul edib.Layihələri maliyyələşdirməklə yanaşı, azərbaycanlı gənclərin müxtəlif beynəlxalq tədbirlərdə iştirakını təmin etmək üçün onlarla gəncə maliyyə dəstəyi göstərib.Ümumilikdə deyə bilərəm ki, Fondun fəaliyyəti bütün respublikanı əhatə edə bilib. Azərbaycanın 50-ə yaxın bölgəsində həyata keçirilən layihələrin demək olar ki, 70 faizi regionlarda baş tutub.Çalışırıq ki, bütün Azərbaycan gəncləri yeni təşəbbüs və ideyalarla çıxış etsin və onlara dəstək olan Gənclər Fondunun fəaliyyətindən xəbərdar olsunlar.Bizim istəyimiz ölkəmizdə həyata keçirilən gənclər siyasətinin uğurlu icrasını təmin etmək məqsədilə məhz gənclərin fəallığını artırmaq, onları ictimai-siyasi həyata cəlb etməkdir.Yüzlərlə gəncin, gənclər təşkilatının müxtəlif ideyalarla, təşəbbüslərlə bizə müraciət etməsi olduqca sevindirici haldır.Onlar artıq bilirlər ki, dövlətimiz bu imkanları məhz onlar üçün yaradıb.Düşünürəm ki, Gənclər Fondu bu müddət ərzində gənclərin ideyalarını, təkliflərini gerçəkləşdirə bilməsi üçün şərait yaradıb.Gənclər Fondunun fəaliyyəti Azərbaycanda vətənpərvər, sağlam düşüncəli yeni nəslin yetişdirilməsi məqsədi ilə gənclərin azərbaycançılıq ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də onların ölkəmizin təbliğinə yönəldilmiş layihələrdə daha da geniş iştirakının təmin olunmasına yönəldilmişdir.Fonda gələn müraciətlər deməyə əsas verir ki, Fond gənclərin etimadını qazanıb, gənclər Fonddan dəstək ala biləcəklərinə inanırlar.
-Regionlarda olan gənclərin müsabiqədə iştirakının təmini istiqamətində nə kimi addımlar atılır?
-Daha öncə də qeyd etdiyim kimi, biz qrant müsabiqələrini elan edərkən, regionlardan olan gənclərin fəal olmasını, onların yeni ideyalarını bizimlə bölüşməsi üçün şərait yaradılmasını əsas istiqamətlərdən biri kimi götürdük.Region gənclərinin də Fonddan yararlanması üçün bölgələrdə təqdimatlar keçirilmiş, müsabiqə şərtləri, istiqamətləri, müraciət qaydaları barədə məlumat verilmişdir.Fond tərəfindən region gənclərinə xüsusi diqqət ayrılmışdır.Regionlardakı gənclərin layihələrə cəlb olunması ilə yanaşı, onların layihə təklifləri də qiymətləndirilmiş, dəstək göstərilmişdir.Müsabiqələrdə maliyyələşdirilmiş layihələrin 70 faizi regionlardan olan təşkilatlar və gənclər tərəfindən irəli sürülmüşdür.Müsabiqə zamanı regionlardan olan gənclərin aktivliyi və təşəbbüslərlə çıxış etməyi həqiqətən də, sevindirici haldır. Cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramına əsasən regionlarda gənclər evlərinin, gənclər mərkəzlərinin yaradılması, region gəncləri üçün intellektual klubların təsis olunması, region gənclərinin inkişafına yönəlmiş bir sıra layihələrin həyata keçirilməsi bir daha dövlətimizin gənclərə olan diqqəti və qayğısının nümunəsidir.
-Müsabiqə üçün təklif olunan mövzuların seçimi hansı üsulla aparılır?
-Fondun aparatı tərəfindən hər bir müsabiqə üçün yeni istiqamətlər, prioritet sahələr işlənib hazırlanır.Təkliflər Fondun Müşahidə Şurasına təqdim olunur.Daha sonra Şura tərəfindən seçilmiş istiqamətlər təsdiq olunur və həmin istiqamətlər üzrə qrant müsabiqəsi elan olunur.
-Artıq demək olar ki, eyni mövzular üzrə layihələr qəbul olunur. Yaxın gələcəkdə bununla bağlı hər-hansı dəyişiklik gözlənilir?
-Mən deməzdim ki, bu vaxta qədər təqdim olunan və həyata keçirilən layihələr arasında təkrarçılıq olub.Bəli, cəmiyyətimiz üçün önəmli, prioritet və geniş olan müəyyən sahələr var ki, həmin sahələr üzrə bir sıra layihələr həyata keçirilib.Lakin, istənilən halda, yeniliklər gətirmək və layihələrin təkrarlanmaması üçün Fond hər bir müsabiqəsində yeni istiqamətlər təqdim edib.Və bundan sonra da elan olunacaq hər bir müsabiqə yeni sahələr üzrə keçiriləcək.
-Bir sıra təşkilatlar var ki, onlar Fonddan rəsmi qaydada qeydiyyatdan keçsələr də, Fondun elan etdiyi qrant müsabiqələrindən yararlana bilmir. Bu yöndə hər hansı kriteriyalar varmı?(Təşkilatın adında gənc sözünün olması vacib şərtdir?)
-Nəzərinizə çatdırım ki, adında da əks olunduğu kimi, bu Fond məhz gənclər üçün yaradılıb.Fondun məqsədi gənclərin və gənclər təşkilatlarının ideyalarını, təşəbbüslərini dəstəkləməkdir.Fondun Müşahidə Şurasının qərarına əsasən gənclər təşkilatı olmayan təşkilatlar və yaşı 35-dan çox olan gənclər Fonddan dəstək ala bilməyəcəklər.
-Məlumatlara görə, QHT-lərə Dövlət Dəstəyi Şurasi ilə əməkdaşlıq edən təşkilatlarla sizin əməkdaşlıq çətin olacaq…
-Xeyr.Qətiyyən belə deyil.Biz əslində çalışırıq ki, QHT-lər daha çox fondlarla əməkdaşlıq etsin.Bu Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına çox böyük dəstək olur.Azərbaycanda bugün QHT-lərin inkişafı üçün hər bir şərait yaradılıb.Müxtəlif Dövlət Fondları fəaliyyət göstərir və bu ona səbəb olur ki, vətəndaş cəmiyyəti sektoru inkişaf edir.Mənim xatirimə gəlir ki, müstəqilliyin ilk illərində mən hələ gənclər təşkilatında fəaliyyət göstərəndə biz donor tapıb müraciət edə bilmirdik.Yalnız Gənclər və İdman nazirliyi Azərbaycanda gənclər təşkilatlarının layihələrinə dəstək göstərirdi.Lakin, indi Azərbaycan Respublikasının Prezidenti tərəfindən bir neçə Dövlət Fondu yaradılıb və onlar ictimai sektorun fəaliyyətini dəstəkləyir.Bu proseslər tam şəffaf və ədalətli prinsiplərlə aparılır. O ki qaldı Gənclər Fonduna, biz bütün gənclər təşkilatları ilə əməkdaşlıq edirik. Nə fərqi var, hansı təşkilat hansı Fondlarla əməkdaşlıq edir.Bizim əsas istəyimiz odur ki, layihələr təkrarlanmasın və gənclər təşkilatları tərəfindən təqdim edilsin.Biz bütün gənclərə və gənclər təşkilatlarına dəstək verməyə hazırıq.
-Xarici vətəndaşların layihələrinin dəstəklənməsi hansı səviyyədədir? Ümumiyyətlə xaricilərin Fonda marağı hansı səviyyədədir?
-Fond yarandığı gündən etibarən xarici vətəndaşların müraciətlərini E Kateqoriyası üzrəqəbul edir. Bu kateqoriya üçün təklif olunan istiqamətlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq tədqiqatçıların araşdırmaları layihələri, Xarici vətəndaşların Azərbaycan ilə bağlı tədqiqat layihələri və Yalnız xarici ölkələrin gəncləri və gənclər təşkilatlarının Azərbaycan tarixinə və mədəniyyətinə dair tədqiqat işləri olmuşdur. Bu vaxta qədər xarici ölkə gənclərindən və təşkilatlarından 5 layihə təklifi gəlib və hal-hazırda Müşahidə Şurası tərəfindən həmin layihələrə baxılır.Gənclər Fondu Avropanın bir sıra gənclər təşkilatları, Avropa Gənclər Fondu, Avropa İttifaqının Gənclər Fəaliyyətdə Proqramı ilə əməkdaşlıq edir, müxtəlif layihələrin icrasında, konfranslarda, seminarlarda, forumlarda onlarla birgə fəaliyyət göstərir. Fond ayrı-ayrı ölkələrdə keçirilən tədbirlərdə Azərbaycanı təmsil edir və informasiya mübadiləsində fəal iştirak edir. Məsələn, ötən il Bakıda keçirilən “Sərhədsiz gənclər əməkdaşlığı” beynəlxalq forumu çərçivəsində Gənclər Fondu ilə Polşanın Təhsil Sisteminin İnkişafı Fondu arasında anlaşma memorandumu imzalanıb.Həmçinin, Bakıya səfər edən müxtəlif ölkələrin gənclərindən ibarət nümayəndə heyətləri ilə Fondun görüşləri keçirilir.Gənclər Fondu bir sıra beynəlxalq layihələrə maliyyə dəstəyi göstərib, mühüm beynəlxalq forumların, konfransların təşkilatçısı olub.Bu layihələrin keçirilməsində əsas məqsəd ölkəmizi beynəlxalq səviyyədə təmsil etmək, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında birbaşa iştirak etmək, bununla yanaşı, müxtəlif ölkələrdə yaşayan azərbaycanlı gənclərin bir araya gəlməsi, onların şəbəkələrinin yaradılması üçün imkan yaratmaq olub. Buna görə də, Gənclər Fondu beynəlxalq layihələrin də keçirilməsində maraqlıdır və dəstək göstərməyə hazırdır.