[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/01/1030241.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevin Gün.Az-a müsahibəsi:
– Fərhad müəllim, siz istər paytaxt, istərsə də region, həmçinin xaricdə yaşayan gənclərimizlə daim əməkdaşlıq edirsiniz. Maraqlıdır ki, dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakının artırılması üçün hansı işlər görülür?
– Deyə bilərəm ki, sürətlə inkişaf etməkdə olan ölkəmizdə sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakı nəzərə çarpır və burada təbii ki, dövlətin də gənclər üzərində diqqət və qayğısı böyük rol oynayır. Gənclər nəinki bu prosesin iştirakçısı qismində, hətta həyata keçirilən fəaliyyətlərin aparıcı qüvvələri kimi çıxış edir. Bu gün gəncliyin innovativ potensialından geniş istifadə olunaraq cəmiyyətin maraqlarının təmin edilməsinə şərait yaradılır. Belə ki, hazırda istənilən sahədə gənclərin fəallığına rast gəlmək olar. Azərbaycanda həyata keçirilən gənclər siyasəti çox uğurlu bir modeldir və bu gün bu model öz bəhrəsini verir. İnkişaf etmiş ölkələrdə isə gənclər siyasəti pərakəndə formada həyata keçirilir. Daha çox qeyri-hökumət təşkilatları vasitəsilə və müxtəlif beynəlxalq proqramlar çərçivəsində gənclər sahəsində fəaliyyət göstərilir. Mən bu gün tam əminliklə deyə bilərəm ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti bütün dövlətlər üçün nümunə ola bilər. Dövlət çalışır ki, heç bir gənc bu diqqət və qayğıdan kənarda qalmasın, yaradılmış imkanlardan maksimum faydalansın. Onu da deyim ki, gənclərlə bağlı hər hansısa bir sənəd təsdiq edilirsə bu mütləq gənclərin iştirakı ilə müzakirə edilir. Bu gün gəncliyin innovativ potensialından geniş istifadə olunaraq cəmiyyətin maraqlarının təmin edilməsinə şərait yaradılır. Ümummilli lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyirdi və dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu öndər gənclərlə bağlı məsələləri həmişə dövlət siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Bu gün ölkəmizdə gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilib, Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulub. Cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti bu gün gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırıb. Azərbaycanda gənclərin inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb, uşaq və gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətlərinin təşkili üçün şərait yaradılıb. İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanıb, həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmaqdır. Əgər gənclər nədənsə narazıdırlarsa buna uyğun maraqlı bir təkliflə çıxış etməlidirlər.
– Məlum məsələdir ki, fonda gənclər və gənclər təşkilatları tərəfindən çoxsaylı layihələr təqdim edilir. Həmin layihələr sizi nə dərəcədə qane edir? Layihələrlə bağlı əsas iradlarınız hansılardır?
– Bəli, bizə çoxlu sayda layihələr təqdim edilir. Onu deyim ki, həmin layihələr arasında bəzən çox maraqlıları da olur. Lakin bunların içində maraqsızları da olur. Təbii ki, çalışırıq maraqlı layihələrə hər zaman üstünlük verək. Ancaq, biz, gənclər təşkilatlarına onlar fonda layihə təqdim etməzdən öncə müraciət edərək birbaşa onlara öz istəyimizi bildiririk. Bəlkə də elə məhz bu səbəbdən müraciət edilən layihələrin 70-80 faizi bizi qane edən layihələr siyahısındadır. Biz istəyirik ki, gənclərimiz hər zaman bunu dərk etsinlər ki, bu fond məhz ölkə başçımız tərəfindən onlar üçün yaranıb. Biz, gənclərin öz ideyalarını, təşəbbüslərini həyata keçirməsinə dəstək olmaq üçün yaranan bir qurumuq. Bu gənclərə yaradılmış çox gözəl bir imkandır.
– Artıq bu il fond özünün ikinci qrant müsabiqəsinin nəticələrini açıqladı. Maraqlıdır, builki müsabiqənin digərlərindən fərqi nə idi?
– Bəli, doğru dediniz ki, Gənclər Fondu artıq ikinci qrant müsabiqəsini yekunlaşdırdı və müsabiqənin qalibləri müəyyənləşdi. İkinci müsabiqə ilk müsabiqədən bir çox cəhəti ilə fərqləndi. Öncə müsabiqənin prioritetlərində dəyişiklik olundu. İlk müsabiqədə olduğu kimi, bu dəfə də 5 kateqoriya – A, B, C, D və E kateqoriyaları üzrə layihə qəbulu başlandı. Bundan əlavə, ikinci qrant müsabiqəsində qeyri-gənclər təşkilatlarının layihələri qəbul olunmadı. Azərbaycan Gənclər Fondu təyinatı üzrə gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirir. Bu sahədə konfrans, seminar, festival, olimpiada və digər tədbirlərin təşkili üzrə layihələri dəstəkləmək, maddi-texniki bazanın gücləndirilməsinə və müasir tələblərə uyğunlaşdırılmasına yardım etmək fondun əsas məqsədidir. Fond gənclərin, gənclər təşkilatlarının, eləcə də yerlərdə gənclər siyasətini həyata keçirən dövlət və yerli özünüidarəetmə qurumlarının elmi-tətbiqi, sosial əhəmiyyətli və idarəetmə sahəsindəki innovativ ideyalarını dəstəkləyir, dövlətin və cəmiyyətin inkişafında gənc nəslin təşəbbüskarlığını və iştirakını artırır, ideyaların yaradılması və idarəedilməsində bacarığını stimullaşdırır. Qeyd etdiyim məqsəd və vəzifələri nəzərə alaraq ikinci qrant müsabiqəsi zamanı məhz gənclərə və gənclər təşkilatlarına maliyyə dəstəyi göstərilməsi qərara alındı.
– Bəs, gələcəkdə müsabiqədən başqa hanası yeniliklər gözlənilə bilər?
– Fond elan etdiyi müsabiqələrlə gənclərin və gənclər təşkilatlarının ideya və təşəbbüslərinin reallaşmasına dəstək göstərir. Biz çalışırıq ki, hər yeni müsabiqədə müsabiqənin istiqamətləri və şərtləri fondun əsas məqsədi olan gənclərin ideyalarının dəstəklənməsinə yönəlsin və maksimum sayda gənc bu imkanlardan yararlansın. Biz daim öz iş mexanizmimizdə yeniliklər edərək inkişaf etməyə və gənclərin də uyğun olaraq inkişaf etməsinə, cəmiyyətin ictimai həyatında aktiv iştirakının stimullaşdırılmasına səy göstəririk. Gələcək müsabiqədə ola biləcək dəyişikliklər hal-hazırda icra olunan müsabiqə barədə aparılan sosial-sorğulara, gənclərdən və gənclər təşkilatlarından gələ biləcək təkliflərə əsasən müəyyən olunacaq.
Fidan Əliyeva
Gün.Az