Mən Turanə Zamanova və layihənin digər üzvləri Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 6-ci qrant müsabiqəsində “Azərbaycanın tarixi-memarlıq irsi gənclərin gözü ilə” layihəsi ilə qalib olmuşuq. Layihəni həyata keçirmək üçün Gənclər fondu tərəfindən 2700 AZN dəyərində vəsait ayrılmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu haqqında məlumatı layihənin ideyası formalaşdığı bir vaxt, məhz bu cür ictimai işə dəstək verə biləcək təşkilatın axtarışı zamanı əldə etmişdik.
Azərbaycanın tarixi-memarlıq irsinin gənclər arasında təbliğini nə cür etmək olar məsələsi ortaya çıxdıqda müsabiqə etmək qərarına gəldik. Layihənin əsas ideyası milli irsimizin ən böyük parçası olan tarixi – memarlığımızın gənclər arasında tanıtımıdır. Bu layihə yaradıcı gənclərin öz bacarıqlarını milli irsimizi nümayiş etdirməklə sərgiləməsi və istedadlı gənclərin ictimaiyyət tərəfindən tanınması baxımından əlamatdar bir tədbirdir. Öz rəsm əsərləri ilə keçmişə bir pencəyə açmış gənclər layihənin ideyasını tam şəkildə həyata keçirmişdirlər. İdeyanı reallaşdırmaq ilk vaxtlar çətin idi, lakin Gənclər Fondu və bizə dəstək olmuş digər tərəfdaşlar sayəsində və həmçinin təmənnasız bizimlə birlikdə olan gənc tələbələrlə bu iş prosesi sadələşdi və eyni zamanda hər kəs üçün maraqlı bir hadisəyə çevrilmiş oldu.
Rəsm müsabiqəsi formatında keçirilən layihə – yeniyetmə və gənclər arasında uzun bir tarixi yol keçmiş milli maddi – memarlıq irsimizin təbliğinə və kütləviləşməsinə yönəldiyindən, məktəbli və tələbələrin tarixi irsimiz ilə bağlı dünyagörüşünün inkişafına və mədəni-ictimai həyata inteqrasiyasına müsbət təsir göstərmiş oldu.
Qrant müsabiqəsinin qalibi kimi, ilk öncə qeyd edə bilərik ki, Gənclər Fondu ayırdığı qrantlarla gənclərə öz ideyalarını həyata keçirməkdə kömək edirlər və məhz bununla Gənclər Fondunun maliyyələşdirdiyi layihə sahəsində həm rəsm müsabiqəsinin iştirakçılarının və həm də layihə üzvlərinin həyatında nəinki maraqlı, həmçinin faydalı dəyişikliklər olmuşdur. Gənclərin vətənimizin tarixi-mədəni irsini müxtəlif tərəflərdən nəzərdən keçirmələri onların intellektual və mədəni inkişafına müsbət təsirini göstərmişdi.