[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/06/logo-gencler-fondu.jpg” ]
Bildiyiniz kimi, Azərbaycan Gənclər Fondu 15 iyul-1 oktyabr 2013-cü il tarixlərində “Ən yaxşı sosial çarx” adı altında gənclər arasında qısametrajlı sosial çarxlar müsabiqəsi keçirmişdir. Müsabiqənin keçirilməsində məqsəd gənclərin yaradıcılıq potensialından istifadə edərək cəmiyyətin diqqətini gənclərin sosial problemlərinin həllinə istiqamətləndirməkdən ibarət olmuşdur. Müsabiqədə 14-29 yaş arasında olan gənclər və ya gənclərin təşəbbüs qrupları iştirak etmişlər.
Müsabiqə çərçivəsində iştirakçılar tərəfindən hazırlanmış qısametrajlı sosial çarxlar bu istiqamətləri əhatə etmişdir: Yol hərəkəti təhlükəsizliyi və mədəniyyəti, Vətənpərvərlik, Ekologiya və ətraf mühitin qorunması, Gənclik və təhsilin təbliği, Milli adət və ənənələrimiz, Müasir ailə dəyərləri. Müsabiqənin şərtlərinə əsasən ağ-qara və yaxud rəngli, MP4, 1020p-HD formatda 3 (üç) dəqiqəyə qədər çəkilmiş və DVD diskə köçürülmüş çarxlar təqdim olunmuşdur. Müsabiqə üzrə 1-ci yer üçün 2000 manat, 2-ci yer üçün 1500 manat, 3-cü yer üçün isə 1000 manat məbləğində pul mükafatı və diplom təqdim olunacaq.
Nəzərinizə çatdıraq ki, müsabiqə çərçivəsində gənclər tərəfindən 55 sosial çarx təqdim olunmuşdur. Önümüzdəki həftə ərzində münsiflər heyəti tərəfindən çarxlara baxış keçiriləcək və bir neçə gün ərzində qalib çarxlar müəyyənləşdiriləcək.