[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/07/images.jpg” ]
3 iyul 2013-cü il tarixində “Şərq Tərəfdaşlığı ölkələrinin regional əməkdaşlığı” proqramının rəhbəri Aleksey Sekarev və proqramın eksperti Lyubov Palivoda Azərbaycana səfərləri çərçivəsində Gənclər Fondunun ofisində olmuşlar. Avropa Birliyi tərəfindən dəstəklənən proqramın həyata keçirilməsində əsas məqsəd Şərq tərəfdaşlığı ölkələrindən sərhəd regionların gənclər təşkilatları arasında əlaqələrin qurulması, birgə layihələrin keçirilməsi üçün maliyyə dəstəyinin verilməsidir. Proqram çərçivəsində Azərbaycanın Qərb bölgələri (Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi rayonları) ilə Gürcüstanın Şərq bölgələrində sərhəd ərazilərdə mövcud olan gənclər təşkilatları arasında əlaqələr qurulması, birgə layihələrin təşkil olunması planlaşdırılıb.
Görüşdə Fondun icraçı direktoru Fərhad Hacıyev, Aparat rəhbəri Faiq Qürbətov və Fondun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun baş məsləhətçisi Nərminə Əliyeva iştirak etmişlər. İlkin olaraq Fondun təqdimatı keçirilmiş, qonaqların sualları cavablandırılmışdır. Daha sonra adıçəkilən Proqram çərçivəsində həyata keçiriləcək layihələrdə Fondun iştirakı və layihələrə dəstək göstərməsi məsələləri müzakirə olunmuşdur.