“Gənclərin Təşəbbüsün və İnkişafına dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Biz erkən evliliyə yox deyirik!” adlı layihə çərçivəsində yekun tədbirini 1 dekabr tarixində Sabirabad rayonun, Qaragüney kəndinin orta məktəbində həyata keçirmişdir.
Layihənin əsas məqsədi son dövrlər artan erkən nigah və məişət zorakılığın aradan qaldırılması üçün ona qarşı mübarizənin təşkil edilməsi, erkən nikaha cəlb edilən və zorakılığa məruz qalan qadınlara sosial, psixoloji və hüquqi yardımların göstərilməsi istiqamətində gənclərin təşəbbüslərin gücləndirilməsi olmuşdur. Tədbirdə BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin yuvenal ədliyyə proqramının Aran zonası üzrə koordinatoru Yusif Poladov, Qaragüney kənd 1 saylı orta məktəbin direktoru Intizar Nərimanova, erkən evliliyin yaratdığı problemlərdən gənclərə bəhs etmişlər. Tədbirin təlimçisi Zöhrə Rəhimova erkən nikah və onun yaratdığı problemləri ictimaiyyətin diqqətinə çatdıraraq, bu sahədə məsuliyyəti artırmaq və yerli icmaları bu problemi yaradan səbəblərin aradan qaldırılmasına səfərbər olunmağa dəvət etdi.
Tədbirdə müəllim və tələbələrlə yanaşı, orta məktəb şagirdləri, cəmiyyətin fəal qadınları da iştirak edib. Şagirdlərə erkən evliliyin uğursuz nəticələri haqqında danışılıb. Həmçinin, cəmiyyətdə bu cür nikah münasibətinə meyilliliyin artması məsələləri müzakirə olunub, bunun qarşısının alınması ilə bağlı tez-tez maarifləndirmə işlərinin həyata keçirilməsinin vacibliyi vurğulanıb.