Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Assosiasiyasının və Elektron Hökumət Təlim-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “İnformasiya Cəmiyyətinin Təməli – Gənclər və Elektron Hökumət” layihəsi uğurla davam etdirilir. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilati dəstəyilə həyata keçirilir.
Layihə çərçivəsində 4 gün ərzində elektron hökumət həllərinin istifadəsinə həsr edilmiş silsilə təlimlər keçirilmiş, elektron xidmətlərdən istifadə barədə fərdi gənclər, gənclər təşkilatlarının rəhbər və nümayəndələri zəruri biliklər əldə etmişlər.
Ölkənin 7 regionunu (Lənkəran, Şamaxı, Şəki, Gəncə, Bərdə, Qəbələ, Göyçay) əhatə edən təlimlərin keçirilməsində əsas məqsəd gənclərin və gənclər təşkilatlarının ən çox istifadə etdiyi e-xidmətlər üzrə biliklərinin artırılmasıdır. Ümumi olaraq “Gənclər üçün Elektron Hökumət” layihəsinə 100-ə yaxın gənc və gənclər təşkilatlarının nümayəndələri qatılmışlar.
Təlimlər 21, 25, 28 noyabr və 2 dekabr tarixlərində keçirilmiş və 5 mövzu əhatə olunmuşdur. Aşağıdakı mövzular gənclərin böyük marağına səbəb olmuşdur.
– www.e-gov.az portalı haqqında;
– E-imza istifadəsinin texniki və hüquqi aspektləri;
– Məcburi dövlət sosial sığortası hesabatlarının təqdim edilməsi üzrə e-xidməti;
– Vergilər sahəsi üzrə e-xidmətlər;
– Rəsmi statistik məlumatların təqdim edilməsi üzrə e-xidmətlər;
Təlimin bağlanış mərasimində iştirakçılara Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatları təqdim olundu. Təlimlərin yanvar ayında davam etdirilməsi nəzərdə tutulmuşdur.
Növbəti təlimlərə qoşulmaq istəyənlər https://goo.gl/i2cSj2 vasitəsilə qeydiyyatdan keçə bilərlər.