2 dekabr 2017-cı il tarixində Beynəlxalq Muğam Mərkəzində “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən “ASAN Akademiya 2017” layihəsinin bağlanış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X Qrant Müsabiqəsinin qalibi Fariz Quliyevin layihəsi “ASAN Akademiya 2017” Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Gilan Holding”-in tərəfdaşlığı və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə baş tutub. Layihəyə ümumilikdə 1001 müraciət olub, cəmi 50 nəfər iştirakçı adını qazanıbdır.
Ümumilikdə təlimlər Natiqlik, Psixologiya, Biznes mühitində idarəetmə, İnnovasiya, Maliyyə kimi 5 proqram modulundan ibarətdir. Hər proqram modulunda 3 təlimçi olmaqla iştirakçılara 30-dan çox fərqli təlimlər tədris olunub. Əlavə olaraq iştirakçılar proqramlara uyğun 10-dək ekskursiyada iştirak ediblər.
Tədbirin sonunda Akademiyanı uğurla bitirən iştirakçılar diplomla təltif edilmişlər.
Qeyd edək ki, “ASAN Akademiya” layihəsi “ASAN Könüllüləri” Təşkilatı tərəfindən 2014-cü ildən etibarən artıq 4-cü dəfədir ki, həyata keçirilir. Bu günə qədər həyata keçirilmiş 3 “ASAN Akademiya” layihəsinə ümumilikdə 1500-dən çox gənc müraciət edib və onlardan yalnız 150 nəfəri bu layihənin iştirakçısına çevrilib. Statistikaya nəzər salsaq görərik ki, “ASAN Akademiya” məzunlarının təxminən 90%-i bir çox yerli və beynəlxalq şirkətlərdə, dövlət və özəl müəssisələrdə əməkdaş qismində fəaliyyət göstərir və yaxud təhsillərini daha yüksək pillələrdə davam etdirirlər.