Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının dəstəyi ilə keçirilən “Tarix və mədəniyyət hər bir xalqın vizit kartıdır” layihəsi çərçivəsində intellektual yarışlara start verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi olmuş Kamil Vəlibəyovun reallaşdırdığı layihənin əsas məqsədi yeniyetmələr və gənclərin Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı daha dolğun biliklərə sahib olmasına töhfə verməkdir.
Noyabrın 27-də başlanan layihə çərçivəsində Nizami rayonun məktəbliləri arasında intellektual yarışlar keçirilib.
Yarışların açılış mərasimində çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov, 238 saylı orta məktəbin direktoru İlqar Talıbov, layihə rəhbəri Kamil Vəlibəyov və başqaları qeyd ediblər ki, Azərbaycanın hər bir vətəndaşı, xüsusilə də, yeniyetmələr və gənclər ölkəmizin və xalqımızın tarixini, mədəniyyətini dərindən bilməli, bu sahədə biliklərini daha da dərinləşdirməlidir.
Yarışda 120 yeniyetmə və gənc iştirak edib. Açıq sualların da daxil olduğu test üsulu ilə keçirilən yarışların sonunda münsiflər heyəti tərəfindən yoxlanılaraq nəticələr elan edilib.
Sonda yarışların qalibləri mükafatlandırılıb. Qaliblərə medallar və sertifikatlar təqdim edilib.