“Biznesin uğurlu idarəetmə modelini quraq” layihəsi Azərbaycan Gənclər İttifaqı tərəfindən bu ilin sentyabr ayından Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənərək həyata keçirilməyə başlayıb.
Layihənin məqsədi gənclər arasında biznes sahəsində uğurlu idarəetmə sisteminin tətbiq edilməsi ilə innovativ metodların yayılması, eləcə də, gənc iş adamlarının biznes fəaliyyətlərindəki durumun yaxşılardırılmasına səylərin göstərilməsi və davamlı fəaliyyəti üçün effektiv yerli və xarici təcrübələrin təbliğidir. Bu məqsədə nail olmaq üçün layihə çərçivəsində məktəblərin yuxarı sinif şagirdləri arasında düzgün ixtisas seçimi üzrə məlumat xarakterli seminarların təşkili, universitetlər, kolleclər və s. məzun olan gənclərin işlə təmin edilməsi üçün effektiv strategiyanın tətbiqi üçün təlimlər keçirildi, biznes ideyalara dəstək üçün başlanğıc (start-up) maliyyəyə çıxışı, inzibati və hüquqi biliklər, biznesə dəstək və inkişaf istiqamətində biznes planlarını hazırlanması üzrə yardım, gənclər üçün biznesin idarəetmə sahəsində məlumatlandırma və maarifləndirmə, biznesin uğurlu idarəetmə modelinin tətbiqi kimi fəaliyyətlər yerinə yetirildi.
Layihənin icrası zamanı ictimaiyyət layihə barədə məlumatlandırıldı, təlimlər zamanı keçirilən mövzular üzrə materiallar təqdim olundu, biznes planların hazırlanması və təlimlərdə iştirak etmiş dinləyicilərin yerlədəki müfaviq təşkilatlara səfərləri təşkil olundu. İcra edilən layihə çərçivəsində həmçinin Binəqədi rayonu Xocəsən qəsəbəsində yerləşən 103 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri arasında düzgün peşə seçimi, peşə seçimində effektiv “alət”lərdən istifadə, komandada iş, liderlik bacarıqları kimi mövzularda təlimlər təşkil olundu.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən layihə bu ilin dekabr ayının ortasında başa çatacaq.