30 noyabr 2017-ci il tarixdə Şabran şəhər Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Şabran rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə “Sülh və inkişaf naminə həmrəy olaq!” adlı layihənin icrasına başlanmışdır.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanmışdır. Giriş sözü ilə tədbiri açıq elan edən layihə rəhbəri Elvin Vəliyev Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu haqqında ətraflı məlumat vermişdir. Layihə haqqında geniş məlumat verən natiq layihənin əsas məqsədinin cənab Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “İslam Həmrəyliyi ili”nin Şabran rayonunda yaşayan gənclər arasında təbliğ edilməsi, onların müvafiq olaraq maarifləndirilməsi, islam həmrəyliyinin ölkəmizə, eləcə də bütün islam aləminə verəcəyi müsbət nəticələrini gənclərə aşılanmasından ibarət olduğunu bildirmişdir. O, qeyd etmişdir ki, sağlam düşüncəli, təhsilə və islami dəyərlərə önəm verən, ölkəmizin inkişafında öz payının olmasına səy göstərən gənclərin yetişdirilməsi müstəqilliyimizin və uğurlu gələcəyimizin təminatıdır.
Daha sonra çıxış üçün söz Şabran rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Musa Hüseynova verilmişdir. O, bildirmişdir ki, 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunması Azərbaycanda islami dəyərlərə verilən qiymətin dünya səviyyəsində bir daha qeyd olunmasının göstəricisidir. Çünki bu dəyərlər Azərbaycan üçün son dərəcədə vacib mənəvi dəyərlərdir və Azərbaycanı islam dünyasının incisi olmağa layiq bir ölkə kimi qiymətləndirmək olar. İslam aləmi ilə qurulan əlaqələr, hərtərəfli əməkdaşlıq Azərbaycan Respublikasının dövlət siyasətinin mühüm bir hissəsi kimi daim inkişaf etməkdədir. Bu gün Azərbaycan öz sosial-iqtisadi, siyasi-ictimai və mədəni inkişafında böyük nailiyyətlərə çataraq bir çox müsəlman ölkələrinə nümunə olmuşdur.
Çıxış üçün söz alan təlimçi Ramiz Əliyev məktəblilərə islam tarixi, islam ölkələrində baş verən qanlı qarşıdurmalar və onların səbəbləri haqqında ətraflı məlumat vermiş və çıxış yolu kimi həmrəyliyin, birliyin zəruriliyindən söz açmışdır.
Tədbirdə ümumilikdə 28 nəfər məktəbli iştirak etmişdir.
Yanvar ayına qədər davam edəcək layihə çərçivəsində Şabran rayon ümumtəhsil məktəblərində müvafiq maarifləndirici görüşlər keçiriləcəkdir.