27 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Mühasiblər” İctimai Birliyi tərəfindən Mühasibatlıq üzrə keçirilən 1-ci Olimpiadanın nəticələrinin müzakirəsi və qaliblərinin mükafatlandırılması keçirilmişdir. Məlumat üçün bildirək ki, Olimpiada 25 noyabr 2017-ci il tarixində Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində müxtəlif universitetlərdə keçirilən görüşlər əsasında seçilmiş 60 tələbə arasında keçirilmişdir. Olimpiadanın keçirilməsində məqsəd gənclərin mühasibatlığın öyrədilməsində analitik düşüncə tərzini yüksəltmək, gənclərin intellektual qabiliyyətlərini və yaradıcılıqlarını aşkarlayaraq səmərəli qiymətləndirmə üsullarını təqdim etmək, stimullaşdırmaq, istedadlı tələbələrə əlverişli şərait yaratmaq, onların gələcəkdə təhsil inkişafını və professional istiqamətləndirilməsini təmin etmək olmuşdur. Tədbirdə “Gənc Mühasiblər” İctimai Birliyinin sədri Solmaz Əliyeva, Maliyyə Elm-Tədris Mərkəzinin direktoru Elman Hüseynov, Vergilər Nazirliyinin Tədris Mərkəzinin Elmi-tədqiqat işləri üzrə rəis müavini Mirəli Kazımov, SİNAM şirkətinin direktoru Əbülfət Rəhmanov, “Professional Mühasib” jurnalının Baş redaktoru, audit üzrə mütəxəssis Mehdi Babayev, Bakı Mühəndislik Universitetinin Mühasibat uçotu və audit kafedrasının müdiri Firudin Sultanov, Barattson şirkətinin nümayəndəsi Xəyalə Zeynallı və digər ekspertlər çıxış edərək bildirmişdilər ki, olimpiada tam şəffaf və obyektiv keçirilmişdir. Növbəti olimpiadalara daha çox universitet tələbələrinin cəlb edilməsi tövsiyyə olunmuşdur. Beləliklə nəticələrə əsasən 1-ci yerə Simnar Paşazadə (Bakı Mühəndislik Universiteti), 2-ci yerə Fəqan Məmmədzadə (Bakı Mühəndislik Universiteti), 3-cü yerə Elşən Şahverdiyev (Azərbaycan Dövlət İqtisad Universiteti) layiq görülərək, diplom və hədiyyələr əldə etmişlər. Digər iştirakçılara sertifikatlar və həvəsləndirici hədiyyələr təqdim olunmuşdur.