Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gəncliyə dəstək” İctimai Birliyinin həyata keçirdiyi “İslam həmrəyliyində gənclər hərəkatı” layihəsi çərçivəsində 25 noyabr 2017-ci il tarixdə Ucar şəhərində təlim keçirildi.
Əvvəlcə Ucar rayon Gənclər və İdman İdarəsinin rəis müavini Nuru Piriyev çıxış edərək iştirakçıları salamladı və qonaqları təqdim etdi. Sonra “Gəncliyə dəstək” İctimai Birliyinin sədri Eldar Xəlilov layihə və donor barədə məlumat verdi, “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətindən danışdı və “İslam həmrəyliyində gənclər hərəkatı” mövzusunda çıxış etdi. Tədbirdə iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbənin əməkdaşı Rauf Nəsirov, Ucar şəhər məscidinin dini icmasının sədri Ceyhun Əliyev və Gələcək İntellektual İnkişafa Yardım İctimai Birliyinin sədri Kazım Məmmədov çıxış edərək mövzunun əhəmiyyətindən danışdılar və gənclərə öz tövsiyyələrini bildirdilər.
Sonra layihənin təlimçisi Babək Mikayılov gəncləri islam həmrəyliyi ideyalarının daşıyıcılarına cevirmək, bu istiqamətdə gənclər hərəkatının yaradılmasına nail olmaq üçün təlim iştirakçılarına dini maarifləndirmədə vacib olan ünsiyyət bacarıqları öyrətdi və gənclərə “Vətən sevgisi imandandır”, “Gənclərimizi radikal dini cərəyanlardan necə qoruyaq?”, “İslamda elmə baxış”, “İslamda böyüyə hörmət, kiçiyə mərhəmət prinsipi”, “islamofobiyanı yaradan səbəblər”, “Ekstremizm”, Azərbaycanda məscidlərin statistikası” və sair mövzularda bilgilər verdi.