Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Bərdə rayonunda 10 oktyabr 2017-ci il tarixindən 10 yanvar 2018-ci il tarixinədək həyata keçirilən “Evimiz Yaşıl Olsun!” layihəsinin icrası uğurla davam edir. Layihə çərçivəsində iştirak edəcək yeniyetmə və gənclərin seçim prosessi uğurla başa çatmışdır. Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində həyata keçirilən seçim mərhələsinə dəvət olunan Bərdə rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov çıxış edərək layihənin icra edildiyi Bərdə rayonunun tarixi, təbiəti, rayonda ekoloji sahədə görülən işlər haqqında layihədə iştirak edəcək yeniyetmə və gənclərə ətraflı məlumat vermişdir.
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev, Bərdə rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekoloji tərbiyyə və təcrübəçilik şöbəsinin əməkdaşı Aynur Məmmədova çıxış edərək ekoloji problemin qloballığı, doğma vətənimiz Azərbaycanın və eləcə də Bərdə rayonunun təbiəti və ekoloji problemləri haqqında layihə iştirakçılarına ətraflı məlumat vermişdir. Rayonun fəal gənclərindən olan Namaz Kərimov və Pərvin Əhmədova çıxış edərək Azərbaycan Gənclər Fondunun dəstəklədiyi digər layihələr haqqında iştirakçılara məlumat vermiş və fonda yeni layihələr təqdim olunması tövsiyyə edilmişdir.
Layihə rəhbəri Nicat Əhmədov çıxış edərək seçim mərhələsinə dəvət olunan qonaqlara və layihə iştirakçılarına Azərbaycan Gənclər Fondunun yaranma tarixi, fondun fəaliyyəti haqqında, həmçinin Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Evimiz Yaşıl Olsun!” layihəsinin məqsədi, hədəf qrupları, gözlənilən nəticələr, layihənin davamlılığı, layihə çərçivəsində nəzərdə tutulan tədbirlər haqqında ətraflı məlumat vermişdir.
Tədbirin sonunda xatirə şəkili çəkilmişdir.