14-17 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi Qeyrət Şirəliyevin rəhbərliyi, Təhsil Nazirliyi və Masallı Asan Xidmət Mərkəzinin təşkilati dəstəyi ilə Masallı rayonunun 8-10-cu siniflərini əhatə edən ümumtəhsil məktəbliləri arasında “Zərərli vərdişlər sağlam həyata maneədir” mövzusunda intellektual çempionat keçirilib. Breyn Rinq formatında keçən yarış Masallı ASAN Həyat kompleksinə aid olan İntellektual İnkişaf Mərkəzində keçirilib. Çempionatda Masallı rayonunun Güllütəpə, Sərçuvar, Köhnə Alvadı, Bala Kolatan, Türkoba, Xıl, Hacıtəpə, Böyük Xocavar, Ərkivan 1 saylı, Miyənkü, Musaküçə və Hişkədərə kəndlərindən ümumilikdə 100 nəfər məktəbli iştirak edib. Yarışda səslənən suallar əsasən zərərli vərdişlər, QİÇS, vərəm və digər keçici xəstəliklər, o cümlədən spirtli içkilərin, tütünün, narkotiklərin insan sağlamlığına vurduğu ziyanlar barəsində olub.
Layihənin həyata keçirilməsində əsas məqsəd zərərli vərdişlərin törətdiyi fəsadlar barəsində gəncləri maarifləndirmək, onların yaradıcı və intellektual inkişafına təkan vermək, region məktəblilərinin intellektual fəaliyyətə daha geniş miqyasda cəlb etmək və asudə vaxtlarının səmərəli təşkilini təmin etməkdən ibarət olub.
Maraqlı mübarizə şəraitində keçən intellektual çempionatın qalibi Hacıtəpə kənd orta məktəbinin komandası olub. Xıl kənd orta məktəbinin komandası 2-ci, Güllütəpə kənd orta məktəbinin komandası isə 3-cü yerə layiq görülüb.
Qaliblər kubok və medallarla təltif edilib.