“Gənclərin Sosial Problemlərinin Həllinə Kömək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Region gənclərinin sahibkarlıq məktəbi” layihəsini həyata keçirir. Layihənin əsas məqsədi regionlarda yaşayan gənclərin peşə bilik və bacarıqlarının artırılması, onlara uğurlu karyera yolunda dəstək göstərməkdir. Layihə çərçivəsində Gəncə, Göyçay, İsmayıllı və Beyləqan gənclərinin təhsil və karyera quruculuğunda uğur əldə etməsi və peşə bacarıqlarının aşılanması üçün təlimlər keçiriləcəkdir. Təlimlər zamanı gənclərə biznes plan, müasir bazarın tələbləri, tələb və təklifin qiymətləndirilməsi, uğurlu karyera əldə etmək üçün praktik vərdişlər aşılanacaqdır . Layihə üzrə nəzərdə tutulan regionlarda keçirilən təlimlərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və karyerasında uğur əldə etmək istəyən gənclər də iştirak edəcəkdir.
Layihə çərçivəsində ilk təlim Göyçay Rayon Gənclər Mərkəzində keçirilmişdir. Təlimdə rayonun aktiv gəncləri, sahibkarlıq və karyera quruculuğunda maraqlı olan şəxslər və yerli icra hakimiyyəti nümayəndələri iştirak etmişdir. Uğurlu bazar münasibətlərinin qurulması yollarını əhatə edən təlimdə layihə ekspertləri iştirakçılara bazarın analizi, araşdırılması və biznes planlarının tərtib olunması haqqında praktik məlumat vermişdir. Təlim iştirakçılarının hazırladığı biznes planların müzakirəsi aparılmış, planların bazara uyğunluğu, riskləri, indikatorları analiz edilmişdir.