“Gənclərin Təhsil, Təlim, Peşə və Inkişaf Mərkəzi” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Azərbaycan Turizm və Menecment Universitetinin təşkilati dəstəyi ilə “Ekoloji təhsil: Turizmdə ətraf mühitin qorunması” layihəsini həyata keçirir.
Layihə gənclərin ətraf mühitin qorunması və ekoloji maarifləndirmə, turizmin ekologiyaya təsiri və həlli yolları üzrə biliklərin artırılması məqsədini daşıyır.
Keçiriləcək təlimlər zamanı Azərbaycanın malik olduğu zəngin ekoloji potensialı, təbiət və cəmiyyətin optimal qarşılıqlı əlaqəsi, ətraf mühitin qorunmasında mənəvi məsuliyyətin artırılması, fəaliyyətinin bütün növlərində təbiətə daimi qayğının göstərilməsi, ekoloji bilik, münasibət və inanclar sistemi, həmçinin ekologiyanın sosial, tibbi, texniki tərəfləri, turizm marşrutlarında ekoloji təhlükəsizliyin nəzərə alınması kimi mövzular müzakirə olunacaqdır.
Layihə üzrə ilk təlim 17.11.2017-ci il tarixində Azərbaycan Turizm və Menecment Universitetində keçirilmişdir. Ümumi 7 nəzəri və 1 praktiki dərsin (şəhərdən kənar Milli parkların birində) keçirilməsi nəzərdə tutulub.