“Biznesin uğurlu idarəetmə modelini quraq” layihəsi Azərbaycan Gənclər İttifaqı tərəfindən bu ilin sentyabr ayından Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənərək həyata keçirilməyə başlayıb.
Hazırda formalaşmış gənclər qrupları üçün “Komanda işi”, “CV-nin yazılması və işədüzəlmədə vacib bacarıqlar”, “Rəhbərliklə işgüzar münasibətlərin qurulması”, “Biznes planlarının hazırlanması”, “Biznesin inkişafı və davamlı fəaliyyət üçün effektiv təcrübə” mövzuları üzrə silsilə təlimlərin təşkil edilir. Layihənin icrası zamanı ictimaiyyətin layihə barədə məlumatlandırılması, təlim qruplarının formalaşdırılması, təlimlərin təşkili və biznes planların hazırlanması nəzərdə tutulub.
Layihənin məqsədi gənclər arasında biznes sahəsində uğurlu idarəetmə sisteminin tətbiq edilməsi ilə innovativ metodların yayılması, gənclərin biznes fəaliyyətlərindəki durumun yaxşılardırılmasına səylərin göstərilməsi və davamlı fəaliyyəti üçün effektiv yerli və xarici təcrübələrin təbliğidir. Bu məqsədə nail olmaq üçün layihə çərçivəsində gənclər üçün işlə təminat sahəsində effektiv strategiyanın tətbiqi üzrə təlimlərin təşkili, onlara biznesin idarəetmə sahəsində məlumatlandırma və maarifləndirmə fəaliyyəti, biznes ideyalara dəstək üçün başlanğıc (start-up) maliyyəyə çıxışı, inzibati və hüquqi biliklər, biznesə dəstək və inkişaf istiqamətində biznes planlarını hazırlanması üzrə yardım, həm də, yeniyetmə və gənclər arasında düzgün ixtisas seçimi üzrə məlumat xarakterli seminarların təşkili və s. fəaliyyətlər həyata keçirilir.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən layihə bu ilin dekabr ayında başa çatacaq.