“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycançılıq məfkurəsi: gənclərin qarşısında duran vəzifələr” layihəsinin icrası uğurla başa çatdırılıb.
Layihə çərçivəsində sonucu konfrans Samux rayonunda keçirilib. Konfrans iştirakçıları əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycanın dövlət himni ifa olunub.
Konfransda “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyiyinin sədri Çingiz Bayramov çıxış edərək əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu azərbaycançılıq ideologiyasının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. O, gənclərin maariflənməsinin əhəmiyyətini qeyd edib, çağdaş zamanda milli ideologiya ilə ümumbəşəri dəyərlərin ahənginə nail olmaq, qloballaşma prosesinə öz milli-mənəvi irsi ilə qoşulmaq hər bir xalq üçün böyük önəm daşıdığından söhbət açıb. TUMİB-in sədri Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi münasibəti ilə gəncləri təbrik edib və azərbaycançılıq ideologiyasının təbliğində gənclərin üzərinə böyük vəzifə düşdüyünü qeyd edib.
Konfransda Samux Rayon Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev, TUMİB-in idarə heyyətinin üzvü Seymur Verdizadə çıxış edərək Ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan cəmiyyətinin inkişafının ideya təməli olan azərbaycançılıq konsepsiyasını irəli sürmüşdür. Natiqlər qeyd ediblər ki, Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Heydər Əliyevin tarixi xidmətidir.
Daha sonra digər çıxış edənlər mövzu ilə bağlı öz fikirlərini bölüşərək, Azərbaycan gəncliyi, ölkədə uğurla həyata keçirilən gənclər siyasəti və ulu öndər Heydər Əliyev tərəfindən sistemləşdirilən azərbaycançılıq məfkurəsinin hər bir azərbaycanlı gənc üçün qürur mənbəyi olduğunu bildiriblər.
Tədbirdə gənclərə üzərində azərbaycançılıq məfkurəsi əks olunan köynəklər paylanılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.