“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycançılıq məfkurəsi: gənclərin qarşısında duran vəzifələr” adlı layihənin icrasına başlayıb. Layihə çərçivəsində ilk tədbir Oğuz rayon Mədəniyyət Evində baş tutub. Tədbir işirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman oğul və qızlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra dövlət himnimiz canlı ifa olunub.
Oğuz rayon İcra Hakimiyyətinin nümayəndəsi Sərdar Nəbiyev gənc nəslin milli ruhda tərbiyə olunmasının vacibliyini bildirib. Qeyd edib ki, dövlət qurumları ilə vətəndaş cəmiyyəti institularının əməkdaşlığı bu prosesi sürətləndirə bilər.
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov ilk öncə layihənin məqsədi barədə məlumat verib. Bildirib ki, əsas məqsəd gənclər arasında Azərbaycançılıq məfkurəsini təbliğ etmək, xalqımızın soy-kökünə, milli dəyərlərinə bağlı olan gənclərin yetişməsinə təkan verməkdir.
Ç.Bayramov həmçinin, gənclər arasında vətənpərvərlik təbliğatının aparılmasının vacibliyindən danışaraq, gənc nəsli ayıq-sayıq olmağa və yad ideologiyaların təsirinə düşməməyə çağırıb. TUMİB sədri deyib ki, Ulu öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” kəlamı Azərbaycançılıq məfkurəsinin əsasını təşkil edir. “Azərbaycançılıq məfkurəsinin əsasını Ulu öndər Heydər Əliyev qoyub. Prezident İlham Əliyev bu məfkurəni daha da sistemləşdirdi”, – deyə natiq qeyd edib.
TUMİB İdarə Heyətinin üzvü Seymur Verdizadə Azərbaycanın sivilizasiyaların qovuşduğu məkanda yerləşdiyinə diqqət çəkərək, ölkəmizin dinlərarası dialoqda həmişə aparıcı rol oynadığını vurğulayıb. S.Verdizadə deyib ki, ölkəmizdə sağlam mənəvi mühit var və bunu qoruyub-saxlamaq həm də gənc nəslin vəzifəsidir.