6-8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 11-ci Azərbaycan Beynəlxalq Təhsil “Education 2017” sərgisi keçiriləcək. Təhsil sərgisi arzu edən hər kəs üçün istər ixtisas, istərsə də təhsil yeri üzrə geniş seçim imkanı yaradan unikal platformadır.
Bu sərgi ölkədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan yeganə sərgidir. Sərgi həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.
Bu il sərgi çərçivəsində Azərbaycan, Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya Sinqapur, Slovakiya və bir çox digər ölkələr öz universitet, məktəb, kollec, təhsil mərkəzləri və kurslarını təqdim edəcəklər. Yerli ali təhsil müəssisələri arasında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Milli Aviasiya Akademiyası, Bakı Mühəndislik Universiteti, Baki Dövlət Universiteti, Fransız-Azərbaycan Universiteti (UFAZ), Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti (Gəncə) və digər təhsil müəssisələri yer alır. İlk dəfə olaraq “Education 2017” sərgisində Qərb Universiteti iştirak edəcək. Yerli “CELT Colleges” şirkəti sərgidə xaricdə təhsil proqramı ilə çıxış edəcək. Sərginin baş sponsoru qismində “Kapital Bank” çıxış edir.
Sərgidə hər il fəal iştirak edən Təhsil Nazirliyi isə öz stendində nazirliyin yaxın gələcək üçün plan və proqramları barədə məlumat verəcəkdir.
Bu il “Təhsil” sərgisi “B2B” formatlı görüşləri ehtiva edən geniş işgüzar proqramı ilə fərqlənəcək, həmçinin sərgi çərçivəsində “Mənim gələcək peşəm və ona gedən yol” adlı seminar təşkil olunacaq.
Ümumilikdə, sərgi çərçivəsində ziyarətçilərə bakalavr, magistratura, o cümlədən xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunur. Ziyarətçilər bilavasitə sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə şəxsən ünsiyyət quraraq qəbul prosesinin ilk addımları, qəbula ən yaxşı şəkildə hazırlaşma, sənəd qəbulunun müddətləri, təhsil haqqı və yaşayış yerləri kimi məsələlər barədə onları maraqlandıran suallar vermək, eləcə də ali təhsil müəssisələrinin reytinq və ixtisaslaşmalarını, habelə digər məsələləri öyrənmək imkanına malik olacaqlar.
Eyni tarixdə Təhsil sərgisi ilə paralel 11-ci Azərbaycan Beynəlxalq Karyera “Career 2017” sərgisi də start götürəcək.
Təhsil sərgisinə giriş 9-11-ci sinif şagird, abituriyent, tələbə, valideynlər və təhsil sahəsinin digər peşəkarlarına açıq olacaq. Sərgi haqqında ətraflı məlumatı, eləcə də elektron dəvətnaməni rəsmi saytdan www.eduexpo.az əldə edə bilərsiniz.