2017-ci il iyulun 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının 21-ci iclası keçirilmişdir. Toplantının gündəliyinə 10-cu qrant müsabiqəsinin yekunları, Fondun fəaliyyətini tənzimləyən bir sıra sənədlərə əlavə və dəyişikliklərin edilməsi, 9-cu müsabiqə çərçivəsində maliyyələşdirilmiş layihələrin icra vəziyyəti və s. məsələlər daxil edilmişdir.
Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov 10-cu qrant müsabiqəsi barədə məlumat verərək bildirmişdir ki, 2017-ci il aprelin 24-dən mayın 15-dək Fonda “A” (gənclər təşkilatlarının yerli layihələri), “B” (gənclər təşkilatlarının beynəlxalq layihələri) və “C” (fiziki şəxslərin layihələri) kateqoriyaları üzrə 1799 layihə təklifi daxil olmuşdur. May ayının ikinci yarısı və iyun ayı ərzində layihələr Fondun aparatının əməkdaşları tərəfindən sistemləşdirilmiş, hər biri haqqında annotasiya və rəylər hazırlanmış, Bakı şəhərində və regionlarda fərdi layihə təqdim etmiş 1400-dək şəxslə görüşlər keçirilmişdir.
Müşahidə Şurasının üzvləri əvvəlki müsabiqələr çərçivəsində maliyyələşdirilmiş layihələr haqqında təsviri və maliyyə hesabatlarını indiyədək təqdim etməmiş gənclər təşkilatlarının və fiziki şəxslərin müraciətlərinə baxılmaması barədə razılığa gəlmişlər. Digər təkliflər qiymətləndirilərkən, ilk növbədə, ictimai əhəmiyyət kəsb edən, gənclərin fiziki, intellektual və mənəvi inkişafına xidmət edən, real icra planı və büdcəsi olan layihələrə üstünlük verilmişdir. Aparılan müzakirələr nəticəsində “A” kateqoriyası üzrə 186 layihədən 144-nün, “B” kateqoriyası üzrə 9 layihədən 6-nın, “C” kateqoriyası üzrə 1604 layihədən 418-nin dəstəklənməsi məqsədəuyğun sayılmışdır. Barələrində müsbət qərar qəbul olunmuş 568 layihənin maliyyələşdirilməsi üçün Fond tərəfindən 2.011.600 manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur (layihələrin siyahısı 2017-ci il iyulun 20-də Fondun internet səhifəsində yerləşdiriləcəkdir).
İclasda “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının Reqlamenti”nə, “Azərbaycan Respublikasının Prezidenti yanında
Gənclər Fondu tərəfindən qrant müsabiqələrinin keçirilməsi Qaydaları”na, “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən beynəlxalq tədbirlərdə iştirak qrantının verilməsi Qaydaları”na, “Maliyyə yardımının göstərilməsi haqqında Müqavilə”yə və “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilmiş layihənin icrasının yekunu ilə bağlı resipiyentdən tələb olunan sənəd və materialların Siyahısı”na dəyişikliklərin layihələri müzakirəyə çıxarılmışdır. Layihələri təqdim edən Fondun aparat rəhbəri Faiq Qürbətov bildirmişdir ki, adıçəkilən sənədlərdə bəzi məqamlar əksini tapmadığına görə, fiziki şəxslərdən daxil olan layihələrin müddətində, beynəlxalq tədbirlərdə iştirak edənlərlərə nəqliyyat xərclərinin ödənilməsində, resipiyentlərdən hesabatların qəbulunda və s. müəyyən problemlər yaranır. Bunları nəzərə alaraq, Fondun aparatı qeyd olunan sənədlərə bir sıra əlavə və dəyişikliklərin olunmasını təklif etmişdir. Təkliflər müzakirə olunduqdan sonra Müşahidə Şurası tərəfindən təsdiq edilmişdir.
Daha sonra Fondun icraçı direktoru Fərhad Hacıyev Fondun 9-cu qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilmiş layihələrin icra vəziyyəti haqqında məlumat vermişdir. Qeyd etmişdir ki, həmin müsabiqə çərçivəsində gənclər təşkilatlarının “A” (yerli layihələr) kateqoriyası üzrə 110, “B” (beynəlxalq layihələr) kateqoriyası üzrə 5 layihəsinə maliyyə dəstəyi ayrılmışdır. 1 layihənin müəllifi qrantdan imtina etmiş, digərləri isə icra planında nəzərdə tutulmuş tədbirləri respublikanın şəhər və rayonlarında, habelə müvafiq xarici ölkələrdə reallaşdırılmışlar.
F.Hacıyev həmçinin 2017-ci ilin birinci yarısında “D” kateqoriyası üzrə (beynəlxalq tədbirlərdə iştirak qrantları) maliyyələşdirilmiş səfərlər barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, 6 ay ərzində 19 gəncin xarici ölkələrdə keçirilən konfrans, təlim, seminar, simpozium, müsabiqə, festival, olimpiada və sərgilərdə iştirakına şərait yaradılmışdır.
İclasın gündəliyindəki məsələlər ətrafında müzakirələrdə Müşahidə Şurasının üzvləri – təhsil nazirinin müavini Ceyhun Bayramov, Mədəniyyət və Turizm Nazirliyinin aparat rəhbəri Rafiq Bayramov, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri Seymur Orucov, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiyasının sədri Nurəddin Mehdiyev, Fondun baş mühasibi Elmar Talıblı, sektor müdirləri Orxan Ərəbov və Vüsalə Niftəliyeva iştirak etmişlər.