Azərbaycanda turizmin son dövrlərdə inkişaf etməsi, ölkədə qeyri-neft sektoruna olan diqqət bu sənaye sahəsinin əhəmiyyətini göstərir. Turizmin inkişafı ölkəyə daxil olan valyuta həcminin çoxalmasına, yeni investisiyaların yatırılmasına, məşğulluğun təminatına və büdcəyə daha çox gəlirin daxil olmasına yol açır. Azərbaycanda turizmə aid qəbul edilmiş bir sıra proqramlar, imzalanmış sərəncam və qanunlar bu sahənin inkişafında dövlətin də maraqlı olduğunu göstərir. Xüsusən 2016-cı ildə ölkə prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” bu sahənin əhəmiyyətini bir daha təsdiq edir.
Ölkədə bu sənaye sahəsinin inkişafı ilə əlaqədar ixtisaslı kadrların hazırlanması vacib amildir. İxtisaslı kadrların hazırlanması zamanı müxtəlif nəzəri və praktiki biliklərin əldə olunması üçün ədəbiyyatlara ehtiyac yaranır. Hazırda ölkə ərazisində mövcud olan ən mühüm problemlərdən biri turizm sahəsində azərbaycan dilində olan ədəbiyyat çatışmazlığının aradan qaldırılmasıdır. Məhz bu səbəbdən “Tarixi və mədəni turizm” kitabçasının hazırlanması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna müraciət edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə İsmayılova Elnarə Ərşad qızının rəhbərlik etdiyi “Tarixi və mədəni turizm” kitabçası adlı layihə başa çatmışdır. Layihənin məqsədi bu fənnlə əlaqədar mövcud olan ədəbiyyat probleminin həll olunması, müxtəlif tələbələrin kitabla təminatı və tədqiqat aparan şəxslərin bu vəsaitlərdən istifadə etməsidir. Qeyd edək ki, kitab yalnız bu fənnin tədirs edildiyi müəssisələrdə deyil, eyni zamanda bələdçilik işinin aparılması zamanı da istifadə edilə bilər. Layihə bitdikdən sonra kitabça ölkənin bir sıra ali təhsil müəssisələrinə, müəllim və tələbə heyətinə, eyni zamanda kitabxanalara paylanılmışdır. Hazırda turizm sferasında təhsil alan tələbələrin “Tarixi və mədəni turizm” fənni ilə bağlı olan ədəbiyyat problemi aradan qaldırılmışdır.