Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu (bundan sonra – “Fond”) gənclər təşkilatlarını və 16-29 yaş həddində olan fiziki şəxsləri 10-cu qrant müsabiqəsində iştirak etmək üçün “A”, “B” və “C” kateqoriyaları üzrə layihə təkliflərini təqdim etməyə dəvət edir.
Müsabiqənin prioritet istiqamətləri aşağıdakılardır:
“A” kateqoriyası üçün təklif olunan istiqamətlər:
- yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin cəmiyyətə tanıdılması yönündə təşəbbüslər;
- Azərbaycanın tarixi və mədəniyyətinin gənclər arasında təbliği;
- gənclər arasında peşə və ixtisas seçimi, əmək bazarı və məşğulluq haqqında məlumatlılıq səviyyəsinin artırılması, bu istiqamətdə xidmətlərin göstərilməsi, peşə dərnəklərinin yaradılması;
- gənclərin iştirakı ilə intellektual müsabiqələrin, yarışların, festivalların, olimpiadaların və s. keçirilməsi;
- gənclərin intellektual inkişafına xidmət edən televiziya proqramlarının hazırlanması;
- gənclərin turizm sahəsində bilik və bacarıqlarının artırılması, ölkəmizin turizm potensialının təbliğ edilməsi;
- gənclərin iqtisadi biliklərinin artırılması, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi;
- islam həmrəyliyinin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslər;
- gənclər arasında sağlam həyat tərzinin təbliği məqsədilə maarifləndirici kampaniyaların və idman yarışlarının təşkili, video çarxların hazırlanması və yayımlanması;
- gənclərin ekoloji maarifləndirilməsi və ətraf mühitin qorunması istiqamətində təşəbbüslər;
- şəhər nəqliyyatında, yollarda, park və xiyabanlarda ictimai davranış qaydalarının təbliği;
- erkən nikahların qarşısının alınması sahəsində maarifləndirmə;
- məişət zorakılığına qarşı mübarizə kampaniyalarının, maarifləndirmə işlərinin aparılması, zorakılığa məruz qalan gənclərə psixoloji və hüquqi yardımların göstərilməsi.
“B” kateqoriyası üçün təklif olunan istiqamətlər:
- Azərbaycanın təbliği və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;
- islam həmrəyliyinin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslər;
- Azərbaycanın gənclərlə iş sahəsində təcrübəsinin təbliğinə həsr olunmuş beynəlxalq tədbirlər.
“C” kateqoriyası üçün təklif olunan istiqamətlər:
- Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin cəmiyyətə tanıdılması istiqamətində təşəbbüslər;
- vətənpərvərlik tərbiyəsi və ictimai davranış qaydalarının təbliği mövzusunda sosial çarxların və 3 D qrafikalı animasiya filmlərinin hazırlanması;
- Azərbaycanın tarixi və mədəniyyətinin gənclər arasında təbliği;
- gənclər arasında ənənəvi peşə sahələrinə marağın artırılması;
- gənclərin iqtisadi biliklərinin artırılması, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi;
- gənclərin sahibkarlıq, informasiya texnologiyaları (internet səhifələrin yaradılması istisna olmaqla), idarəçilik və digər sahələr üzrə peşəkar inkişafına dəstək olmaq məqsədilə qısamüddətli ödənişsiz kursların təşkili;
- yaradıcı gənclərin cəmiyyətə tanıdılması məqsədilə onların sərgi və konsertlərinin təşkili;
- istedadlı gənclərin ixtiralarının və innovativ ideyalarının dəstəklənməsi;
- gənclərin elmi fəaliyyətinin təşviq edilməsi;
- yeniyetmə və gənclər arasında bədii və elmi ədəbiyyata marağın artırılması;
- gənclərin natiqlik bacarıqlarının inkişaf etdirilməsi;
- sosial xidmət sahələrində könüllü fəaliyyətin təşviqi;
- gənclərin ekoloji maarifləndirilməsi və ətraf mühitin qorunması istiqamətində təşəbbüslər;
- islam həmrəyliyinin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslər.
Layihələrin müddəti:
“A” və “B” kateqoriyaları üzrə təqdim olunan layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox, “C” kateqoriyası üzrə 1 aydan az, 3 aydan çox olmamalıdır.
Layihələrin icrasına 2017-ci il sentyabr ayının 15-dən sonra başlanıla bilər.
Layihələrin məbləği:
Layihə təklifinin maliyyələşdirilməsi üçün Fonddan istənilən məbləğ “A” kateqoriyası üzrə 10 000 (on min), “B” kateqoriyası üzrə 13 000 (on üç min), “C” kateqoriyası üzrə 3 000 (üç min) AZN-dən çox olmamalıdır.
Fonda ilk dəfə müraciət edən gənclər təşkilatları 5 000 (beş min) manatdan artıq olmayan məbləğdə layihə təklifləri verə bilər.
Layihələrin təqdim olunmasına dair əsas tələblər:
- Müsabiqədə yalnız 2016-cı ilin sonunadək dövlət qeydiyyatına alınmış gənclər təşkilatları və 1988-ci il aprelin 24-dən 2001-ci il mayın 15-dək anadan olmuş fiziki şəxslər iştirak edə bilərlər.
- Gənclər təşkilatları müsabiqəyə “A” və “B” kateqoriyalarından yalnız biri üzrə 1 layihə təqdim edə bilər.
- “A” və ya “B” kateqoriyası üzrə layihə təqdim edən gənclər təşkilatlarının rəhbərləri və həmin layihələrin işçi heyəti “C” kateqoriyası üzrə layihə təqdim edə bilməzlər.
- Layihə təklifləri yalnız bu elanda göstərilmiş istiqamət və tələblərə uyğun gəldiyi halda nəzərdən keçiriləcəkdir.
- Layihə təklifləri reallığı əks etdirməli, icrası gənclər təşkilatları və fiziki şəxslər tərəfindən mümkün olmalıdır.
- “A” və ya “B” kateqoriyası üzrə layihəsinin icrası başa çatmış, lakin 2017-ci il may ayının 30-dək təsviri və maliyyə hesabatlarını Fonda təqdim etməmiş resipiyentlərin müraciətlərinə baxılmayacaq.
- Fondla müqavilənin imzalanması və layihənin idarə olunması resipiyent tərəfindən şəxsən həyata keçirilməlidir. Yalnız müvafiq tibbi arayış təqdim edildikdə, resipiyentin üzrlü səbəbdən layihəni idarə edə bilməməsi məsələsinə baxıla bilər.
Gənclər təşkilatları üçün tələblər:
- dövlət qeydiyyatı və bank hesabı olmalıdır;
- hüquqi şəxslərin dövlət reyestrinə aid məlumatları (dövlət reyestrindən çıxarış) təqdim etməlidir;
- illik maliyyə hesabatını Maliyyə Nazirliyinə təqdim etməlidir.
Müsabiqə çərçivəsində aşağıdakı fəaliyyətlər maliyyələşdirilmir:
- siyasi, dini və ya xeyriyyə fəaliyyəti;
- xaricdə təhsil;
- humanitar yardım və gəlirin artırılması;
- daşınmaz əmlakın satın alınması;
- Azərbaycan Respublikasının qanunvericiliyinin pozulmasından və ya ona riayət edilməməsindən irəli gələn cərimələrin ödənilməsi.
Müsabiqənin müddəti:
- Layihə təklifləri 2017-ci il aprel ayının 24-dən başlayaraq təqdim edilə bilər.
Layihə təkliflərinin qəbulu üçün son tarix:
15 may 2017-ci il, saat 18:00
- Layihə təklifləri “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqələrində iştirak etmək üçün gənclər təşkilatlarının və fiziki şəxslərin qeydiyyata alınmasına dair Təlimat”a və “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun hazırlanmalıdır.
- Layihələr “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna daxil olan layihələrin qiymətləndirilməsi Meyarları”na uyğun dəyərləndiriləcək və maliyyələşdirilməsi barədə müvafiq qərar qəbul olunacaqdır.
- Müsabiqənin nəticələri Fondun rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.
Fondla əlaqə:
Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küç, 93, 4-cü mərtəbə.
Telefon: (+99412) 498 95 90
Faks: (+99412) 498 95 89
Email: [email protected]