Son zamanlar ekologiyanın çirklənməsinə bilavasitə səbəb olan amillərdən biri də avtomobillərin sayının çoxluğudur. Bir sıra ölkələrdə bunun qarşısını almaqdan ötrü velosiped nəqliyyatından istifadə edirlər. Velosiped ekologiyaya müsbət təsir etməklə yanaşı, həm də sağlam həyat bəxş edir. Məhz bunu özlərinə şüar seçən 4 lənkəranlı gənc Azərbaycanın cənub sərhədi Astaradan, şimal sərhədi Xaçmaza kimi məsafəni velosipedlə qət edərək sağlam həyat, ekologiyanın qorunması və velosiped idmanın faydaları haqqında yol boyu gəncləri maarifləndiriblər.
Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Velosiped İdmanı Federasiyası və Gənclər üçün Təhsil Mərkəzinin tərəfdaş təşkilatçılığı ilə “Sərhəddən-sərhədə” adlı veloyürüş layihəsi gerçəkləşib. 21 mart tarixində layihəyə Astara Gömrük İdarəsinin qarşısında start verən gənclər ardıcıl olaraq Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Salyan, Şirvan, Hacıqabul, Bakı, Sumqayıt, Xızı, Siyəzən, Şabran, Quba və Xaçmaz rayon və şəhərlərində gənclərlə görüşüb layihə haqqında onları məlumatlandırıblar. Veloturçu gənclər olduqları hər rayon və şəhərlərdə Heydər Əliyev Mərkəzlərini ziyarət edib və Ulu öndərin həyat və fəaliyyəti barədə daha yaxından tanış olublar. 768 km məsafəni qət edən gənclər təkcə şəhər və rayon mərkəzlərində deyil, həmçinin yolboyu qarşılarına çıxan gənclərlə söhbət edib, onlara layihənin məqsədini aşılayıblar. Layihənin rəhbəri Tərlan Zülfüqarovun dediyinə görə, ən böyük arzuları Qarabağa yürüş etməkdir.