Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun VIII qrant müsabiqəsində İlahə Qismət İsrafilova tərəfindən qalib olmuş “Mən Vətən torpağı, Vətən daşıyam” adlı layihəyə yekun vurulmuşdur. Layihə AR Müdafiə Nazirliyi, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin dəstəyi ilə həyata keçirilmişdir.
Layihə gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, marş bəstələyən gənc bəstəkarların, şairlərin və ifaçıların hərbi mövzulu yaradıcılığının stimullaşdırılmasını əsas götürmüşdür.
Tədbir şəxsən cənab Nazir Zakir Həsənovun icazəsi ilə Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində keçirilmiş və hər kəs tərəfindən geniş marağa səbəb olmuşdur. Layihədə görkəmli simalardan- General R.Əliyev, xalq artisti, General Y.Axundzadə, polkovnik A.Qurbani, xalq artisti Z.Məmmədova, xalq artisti H.Anatollu, paraolimpiyalı cüdoçu İlham Zəkiyev, AZQMƏVŞAİB sədri M.Mehdiyev, xalq şairi V.Əziz, və b. iştirak etmişlər.
İlk öncə çıxış edən general R.Əliyev bu kimi vətənpərvər layihələrin önəmindən danışmış və başda cənab nazir Z.Həsənov olmaqla Müdafiə Nazirliyinin daim belə layihələrə dəstək verməyə hazır olduğunu qeyd etmişdir. Layihə rəhbəri İlahə Qismətə uğurlar arzulamışdır.
Tədbirin aparıcısı polkovnik A.Qurbaninin iştirakı ilə layihə olduqca professionallıqla idarə olunmuş və unudulmaz keçmişdir.
Üç saat davam edən tədbirin musiqili hissəsində xalq artistləri, əməkdar artistlərlə yanaşı AR Silahlı Qüvvələrinin mahnı və rəqs ansanblı çıxış etmişlər.
Tədbirin sonunda İsrafilova İlahə Qismət qızı tədbirin təşkilində əməyi keçən hər kəsə dərin minnətdarlığını bildirmiş, gəncləri hər an mübariz olmağa səsləmişdir. Vətənpərvərlik mövzusunda göstərdiyi xidmətlərə görə layihə rəhbəri AZQMƏVŞAİB-nin “Vətən naminə” medalı ilə general R.Əliyev tərəfindən təltif olunmuşdur. Həmçinin eyni qərarla polkovnik A.Qurbani də təntənəli surətdə “Vətən naminə” medalı ilə təltif olunmuşdur. Son olaraq layihə iştirakçılarına təşəkkürnamələr təqdim edilmişdir.