Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Türkiyədə yaşayan azərbaycanlı gənclərin virtual platforması” layihəsinin açılış mərasimi baş tutub.
Layihənin təqdimatı Türkiyənin İstanbul şəhərində yerləşən İstanbul Aydın Universitetində baş tutub.
Layihə rəhbəri Aygün Abdullayeva layihə çərçivəsində yaradılan “Azerturkgenc.com” saytı haqda geniş məlumat verib. O bildirib ki, bu sayt Türkiyədə yaşayan və təhsil alan həmyerlilərimiz üçün virtual platforma rolunu oynayacaq: “Türkiyədə 10 minə yaxın azərbaycanlı tələbə təhsil alır, biz bu layihəni həyata keçirməklə burada yaşayan gənclərimizin daha asan şəkildə xəbərləşməsini, qardaş ölkədə baş tutan tədbirlərdən məlumatlı olmalarını, faydalı informasiyaları bir-birlərini ötürməsinə yardımçı olmaq istəyirik. Saytda bir neçə bölmə yaradılıb və tələbələrimiz bu saytda qeydiyyatdan keçməklə bütün məlumatlardan faydalana biləcəklər.
Tədbirdə iştirak edən Gənclər Fondunun əməkdaşı Ayşə Məhərrəmova tələbələrə və gənclərə fond haqqında geniş məlumat verib. O bu cür layihələrin Azərbaycan həqiqətlərinin xarici ölkələrdə tanınmasına yardımçı olacağını deyib: “Gənclər Fondu təkcə ölkə daxilində deyil, xaricdə yaşayan gənclərimizi də hər zaman diqqət mərkəzində saxlayır. Biz qəlbi Azərbaycan sevgisiylə döyünən, Azərbaycan həqiqətlərini dünyaya tanıdan hər kəsə dəstək olmağa hazırıq. Bu layihə də Türkiyədə yaşayan həmyerlilərimiz üçün çox faydalı olacaq. Əminəm ki, layihə çərçivəsində yaradılan sayt qısa müddətdə populyarlıq qazanacaq və hər kəs bu məlumat bazasından istifadə edəcək.
Tədbirdə eyni zamanda Azxeber.com informasiya portalının təsisçiləri Hacıbəy Heydərli və Əfsələddin Ağalarov, “İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə, Avropa İnsan Haqları və Demokratiya İnstitutunun sədri Əhməd Şahidov, tia.az saytının baş redaktoru Əlişir Əhəd çıxış edərək, layihə haqda fikirlərini söyləyiblər.
Tədbir Türkiyədə təhsil alan tələbələrin sualları və diskussiyası şəklində davam edib.
Tədbir Türkiyədə təhsil alan tələbələrin sualları və diskussiyası şəklində davam edib.