Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Balakəndə “Hobbimiz kitab oxumaqdır!” adlı kitab müzakirəsi klubu layihəsi uğurla icra olunmuşdur. Gənclərin kitab oxumaq vərdişlərinin artırılması, onların asudə vaxtlarının səmərəli təşkilini qarşıya məqsəd qoyan Klub əvvəlcə müzakirə olunacaq kitab barəsində sosial şəbəkələrdə və rayonun müxtəlif yerlərində elanlar yerləşdirmiş daha sonra isə gənclər kitabı oxuyaraq müzakirədə iştirak etmişdir. Noyabrdan başlayaraq davam edən layihə çərçivəsində Anarın “Ağ qoç, qara qoç”, E.S.Tompsonun “Tito” və E.Heminqueyin “Qoca və dəniz” əsərləri müzakirəyə çıxarılmış və müzakirələrdə 200 gənc iştirak etmişdir. Kitab müzakirəsi Klubunda aktiv iştirak edən gənclər diplomlarla təltif edilmişlər. Balakən Gənclər evində təşkil olunan müzakirələrdə gənclər bu layihənin davamlı olması təklifi ilə çıxış etmiş və Balakəndən olan gənc yazarların tanıdılması məqsədilə onların imza gününün və əsərlərinin yazarla birgə müzakirəsini təşkil etməyi təklif etmişlər. Gənclərin təklifləri qeydə alınmış və Klub işini gələcəkdə də bu istiqamətdə davam etdirəcək.