4 fevral 2017-ci il tarixində İsmayıllı şəhəri “Heydər Əliyev Mərkəzi”ndə “Gənclər elmi və bədii ədəbiyyat işığında” adlı layihənin yekun tədbiri keçirilmişdir.
10 noyabr 2016-cı il tarixindən etibarən 3 ay müddətində fərdi şəxs qismində Gülnar İlham qızı Yunusova Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun təşkilati dəstəyi ilə İsmayıllı rayonunda “Gənclər elmi və bədii ədəbiyyat işığında” adlı layihənin icrasını həyata keçirmişdir. Layihənin həyata keçirilməsində məqsəd məktəblilərin elmi və bədii təfəkkürünün inkişafına yönəlməklə onların elmi və bədii ədəbiyyatın müxtəlif sahələrində olan potensiallarının təyin olunması məqsədilə sorğu-anket, təlim, müsabiqə, sərgi və digər mədəni tədbirləri həyata keçirilməsi idi.
Layihənin təsvirində göstərilir ki, bu gün yeniyetmə və gənclərin ən mühüm problemlərindən biri bədii və elmi təfəkkürü düzgün istiqamətləndirməmək, onların istedad və qabiliyyətlərini, istək və arzularını təyin etməkdə qərasızlıqları, bu sahədə müstəqil düşüncələrinin formalaşmamasıdır. Bədii yaradıcılığa meylli olan, yaxud özlərini ifadə etdikləri zaman bədii emosionllığa üstünlük verən gənclərin elmi təfəkkürünün inkişafında əngəllərin olması, subyektiv tendensiyalar, obyektiv qərarların qəbul edilməsində rastlaşdıqları problemlər sonradan istər ixtisas seçimində, istərsə də ali məktəblərdəki təhsil prosesində maneələr törədir.
Yekun tədbirində İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısı Mirdaməd Sadıqov, AMEA-nın vitse prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və İnstitututun Əməkdaşları, İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, “Dağ çiçəkləri” və İsmayıllı Yazarları Ədəbi İctimai Birliyinin üzvləri, İsmayıllı şəhər 1 saylı tam orta məktəb, Təzəkənd kənd tam orta məktəb, Topçu kənd tam orta məktəbi, digər məktəbli-gənclər, məktəb direktorları, müəllimlər, rayon ziyalıları və s. iştirak edirdilər.
Layihənin rəhbəri Gülnar Yunusova çıxış edərək layihə haqqında, onun mahiyyəti və məqsədi haqqında ətraflı məlumat verdi, eyni zamanda, başa çatmış layihə fəaliyyətinin nəticələri və statistik göstəricilərini diqqətə çatdırdı. Gülnar xanım söylədi ki, layihədə nəzərdə tutulmuş fəaliyyətin reallaşdırılması zərurəti üç mühüm problemin aradan qaldırılmasına yönəldilmişdir:
- Yeniyetmə və gənclərin bədii və elmi təfəkkürü arasında müşahidə olunan balanssızlığın aradan qaldırılması.
- Bədii yaradıcılığa meylli olan yeniyetmə və gənclərin potensialını həyata keçirmək sahəsində rastlaşdıqları məlumatsızlığın aradan qaldırılmasına yardım etmək.
- İxtisas seçmə prosesində yeniyetmə və gənclərin müstəqil fikirlərinin inkişaf etməməsi səbəbindən sonradan qarşılaşdıqları çətinliklərli minimuma endirmək.
Tədbirin sonunda layihə çərçivəsində keçirilmiş təlimlərdə iştirak edən 60 şagird sertifikatlarla təltif olundu. İnşa müsabiqəsinin qaliblərinə diplom və mükafatlar təqdim edildi.
Çox əhəmiyyətlidir ki, layihənin mədəni tədbiri kimi təşkil olunmuş elmi və bədii ədəbiyyat sahəsindəki kitablardan ibarət sərgidə təqdim olunan 150-dən çox kitab “Heydər Əliyev Mərkəzi”nə, məktəb kitabxanaları və şagirdlərə hədiyyə edildi.