Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi IX qrant müsabiqəsinə «Həmrəy» Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi «Sağlam qida – Sağlam həyat» adlı layihə təqdim etmiş və müsabiqənin qaliblərindən biri olmuşdur. Bu xüsusda, Yevlax, Mingəçevir, Ağdaş, Ucar şəhər/rayonlarında gənclərin sağlam qidalanma və sağlam həyatla əlaqədar biliklərinin artırılması məqsədilə Elmi-praktiki konfranslar həyata keçirilmişdir.
Layihənin İcra planının aktiv fazasına uyğun olaraq, ötən ilin dekabr ayının 6-da Yevlax, 7-də Mingəçevir, 8-də Ağdaş, 9-da Ucar şəhər/rayonlarında baş tutan elmi-praktiki konfranslarda 4 şəhər/rayonun hər birindən 200 nəfərdən çox olmaqla 800-dən yuxarı gənc iştirak etmişdir. Tədbirlərə gənclərlə yanaşı, Şəhər/Rayon İcra Hakimiyyətləri, Gənclər və İdman İdarələrinin rəsmiləri, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri də qatılmışdır.
Təşkilat komitəsinin rəhbəri və üzvləri tədbirin mahiyyətindən, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən aparılan inamlı gənclər siyasətinin incəliklərindən söz açmışlar. Bu sahənin Ulu Öndər Heydər Əliyevin mükəmməl ideyaları ilə inkişaf etdirildiyini xüsusi qeyd etmişlər. Azərbaycan gəncliyinə dövlətin göstərdiyi diqqət və qayğının nümunəyə çevirildiyini vurğulamışlar.
Sonra, mütəxəssis, Səhiyyə üzrə ekspert Cəmilə Kərimova «Sağlam və təhlükəsiz qidalanmanın həyatımızda yeri və rolu» mövzusunda geniş məruzə etmişdir. Tədbirlərin məqsəd və vəzifələrini özündə əks etdirən video-çarx nümayiş olunmuşdur.
İnteraktiv şəkildə gerçəkləşən elmi-praktiki konfranslar iştirakçılar tərəfindən olduqca maraqla qarşılanmışdır.
Daha Sonra iştirakçı gənclərə sertifikatlar təqdim edilmişdir.
Sonda İştirakçılar və ekspertlər belə tədbirlərin hər bir sahə üzrə reallaşdırılmasının zəruriliyini bildirmişlər. Layihəyə görə təşəkkür edərək, bunun gənclərin maarifləndirilməsinə töhfə olduğunu söyləmişlər.
Elmi-praktiki konfranslar xatirə şəkilinin çəkilməsi ilə yekunlaşmışdır.