Azərbaycan Respublikası Prezidentinin 4 mart 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasına 5-i müvafiq dövlət orqanlarını (Prezident Administrasiyası, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Maliyyə Nazirliyi), 4-ü isə gənclər təşkilatlarını təmsil edən 9 üzv təyin olunmuşdur. Fondun Nizamnaməsinə görə, Müşahidə Şurası üzvlərinin səlahiyyət müddəti 4 ildir. Səlahiyyət müddətinin başa çatması ilə əlaqədar olaraq, Müşahidə Şurasının üzvlüyünə gənclər təşkilatları tərəfindən namizədlərin irəli sürülməsini təmin etmək üçün fevral ayı ərzində həmin təşkilatların yığıncağının keçirilməsi planlaşdırılır.
Yığıncaqda iştirak etmək və namizədləri irəli sürmək üçün gənclər təşkilatları 2017-ci il fevralın 16-dək Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna ərizə ilə müraciət edə bilərlər.
Ərizədə gənclər təşkilatı yığıncaqda onu təmsil edəcək nümayəndəsi haqqında məlumat verməlidir (ərizə forması əlavə olunur – Əlavə 1).
Təşkilat Müşahidə Şurasının üzvlüyünə namizəd irəli sürərsə, müvafiq ərizəni və anket məlumatlarını təqdim etməlidir (namizədlik üçün ərizə forması – Əlavə 2 və anket məlumatlarının forması – Əlavə 3).
Müşahidə Şurasının üzvlüyünə namizədlə bağlı tələblər:
– Azərbaycan Respublikasının vətəndaşı olmalı, başqa dövlətlər qarşısında öhdəliyi olmamalı;
– ikili vətəndaşlığı olmamalı;
– din xadimi olmamalı;
– ali təhsili olmalıdır.
Ərizə və anket formalarını əlavələrdən əldə etmək olar.
Müşahidə Şurasının seçkiləri ilə bağlı imzalı və möhürlü sənədlər toplusunu Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun inzibati binasına həftənin 5 iş günü, saat 09:00-dan 18:00-dək təqdim edə bilərsiniz.
Seçkilərlə bağlı keçiriləcək yığıncaqda qeyri hökümət gənclər təşkilatını yalnız bir şəxs (sədr və ya sədr tərəfindən etibarnamə ilə namizədliyi irəli sürülən şəxs) təmsil edə bilər.
Nümayəndələrin və namizədlərin siyahısı seçkilərin keçirilməsindən bir neçə gün əvvəl youthfoundation.az saytında yerləşdiriləcəkdir.
Gənclər təşkilatlarının yığıncağının keçiriləcəyi tarix və yer haqqında əlavə məlumat veriləcəkdir.
Ünvan: Zərifə Əliyeva küçəsi, 93
Tel: (+99412) 498 95 90
Fax: (+99412) 498 95 89
Email: [email protected]
Website: www.youthfoundation.az