Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilati dəstəyi ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 12 saylı Bakı Peşə liseyində “Elmi və bədii ədəbiyyata marağı kütləviləşdirmə” adlı layihənin açılış mərasimi baş tutmuşdur. Layihəni giriş sözü ilə açan layihə rəhbəri Nəbi Hacıyev qeyd edərək bildirdi ki, gənclərin elmi və bədii ədəbiyyata marağının artırılması, kitaba, mütaliəyə həvəsin yaradılması onların məntiqi inkişafını və dünyagörüşlərini zənginləşdirir. Gənclər bədii ədəbiyyatla öz dünyagörüşlərini artırmalı, elmi fəaliyyətlə məşğul olmaq istəyən gənclərin elmi ədəbiyyata yönəlməsi təşviq olunmalıdır. Daha sonra təlimçi qismində çıxış edən Sabunçu rayon Mərkəzi kitabxana sisteminin direktoru Nəcibə Hüseynova çıxışında elmi və bədii ədəbiyyatın kütləviləşdirilməsində mühüm rol oynayan kitabxanalarda ədəbiyyatın təbliği, oxuculara göstərilən kitabxana xidmətindən, gənclərin və yeniyetmələrin kitabdan düzgün istifadə etmə qaydalarından bəhs edib.
Layihə iştirakçıların mövzu ətrafında onları maraqlandıran sualların müzakirəsi ilə davam edib.