Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqəsində qalib olmuş “Gənclər internet mediasında” adlı layihə çərçivəsində Suraxanı rayon Gənclər Evində təlim keçirilib. Layihə rəhbəri Nailə Əzizovanın verdiyi məlumata görə, layihənin əsas məqsədi gənclər sosial şəbəkələrdən, yeni media alətlərindən istifadəni təbliğ etmək, gəncləri dijital jurnalistika sahəsində həvəsləndirmək, gənclərə bu sahəyə aid lazımi məlumatlar qazanmağa kömək etməkdir. Layihənin təlimçisi Newsbaku.info xəbər portalının baş redaktoru Şaiq Mərdanov gənclərə müasir dövrün əsas reallıqlarından olan yeni media vasitələri haqqında məlumat verdi. Qeyd olundu ki, jurnalistikaya marağın son illərdə daha da artması müsbət tendensiyalarla yanaşı bəzi neqativ hallara da səbəb olub. Təlimçi bildirdi ki, onlayn media sahəsində mövcud problemlərdən biri bu sahənin müvafiq qanunlarla tənzimlənməməsidir. Bu isə öz növbəsində jurnalistikadan kənar adamların media sektoruna daha asan qoşulmasına imkan yaradır. Həmçinin onlayn medianın geniş yayılması qeyri peşəkarların, reket jurnalistika ilə məşğul olanların bu sektordan öz şəxsi maraqları naminə istifadə etməsinə şərait yaradır. Tədbirin ikinci günü iştirakçılar qarşısında çıxış edən herbiand.az xəbər portalının redaktoru Mikayıl Həsənli sosial və onlayn mediada dövlət sirrinin qorunması problemlərinə toxunub. O qeyd edib ki, bu sahədə olan müəyyən boşluqlar bəzən təcrübəsiz gənclərin, eyni zamanda qeyri peşəkar xəbər saytları əməkdaşlarının hərbi sirr xarakterli məsələləri işıqlandırılmasına səbəb olur. Parol.az xəbər portalının redaktoru Qalib Əzizov çıxışında qeyd edib ki, müasir dünyada sosial və onlayn medianın böyük üstünlüyü var. Hazırda bu sektor ənənəvi medianı sıxışdırmaqdadır. O bildirib ki, jurnalistikanın gələcək inkişafı böyük dərəcədə onlayn mediadan asılı olacaq və bu sahədə uğur qazanmaq istəyən gənclər beynəlxalq təcrübəni dərindən öyrənməlidirlər. Təlim zamanı gənclərlə maraqlı diskussiyalar keçirilib və kofe breyk fasiləsi təşkil olunub. İki gün ərzində keçirilən təlimdə iştirakçılara mövzu ilə bağlı hazırlanmış kitab paylanılıb.