Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fəal gənc Məmmədli Hikmət Həmid oğlu tərəfindən Qax rayonunda icra olunan “Gənclərin natiqlik bacarıqlarının artırılması” adlı layihəyə uğurla yekun vuruldu. Layihənin məqsədi gənclər arasında natiqlik sənəti haqqında maarifləndirmə işinin aparılması və onların asudə vaxtının səmərəli keçirməsinə dəstək olmaqdır. Layihə 5 gün davam etmişdir və ümumilikdə 100 nəfərdən çox gənc layihədə iştirakı etmişdir. Layihə çərçivəsində bukletlər hazırlanaraq həm layihə iştirakçılarına həm də iştirakçı olmayan digər gənclərədə verilmişdir. Layihə rəhbəri Məmmədli Hikmət qeyd etmişdir ki, tarixi qaynaqlardan məlum olur ki, lap qədim zamanlardan məzmunlu, aydın, yığcam, təsirli nitqə malik olan adamlar cəmiyyət tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Nitqin gözəlliyi və ona sahib olmağın yolları böyük şəxsiyyətlərin daima diqqəti mərkəzində olmuşdur. Miladdan əvvəl Qədim Misirdə, Hindistanda, Çində, Babilistanda və digər bir sıra yerlərdə görkəmli natiqlər yetişmişdir. Lakin natiqlik sənətinin, gözəl nitqin, nitq mədəniyyətinin əsl vətəni qədim Yunanıstan olmuşdur. Natiqlik də bir elm kimi Yunanıstanda meydana gəlmiş, inkişaf etmişdir. Qədim Yunanıstanın ictimai-siyasi həyatındakı mübarizələr, iqtisadiyyatda baş verən irəliləyiş, elmi tərəqqi ilə bağlı Afina şəhər dövlətində natiqlik sənəti inkişaf etməyə başlayır. Ölkəni idarə edənlər ideyalarını müdafiə etmək, məqsədlərini kütlələrə çatdırmaq məqsədilə sözdən, natiqlik sənətindən təsirli və kəsərli silah kimi istifadə etməyə çalışırdılar. Eramızdan əvvəl VII-IV əsrlərdə fəaliyyət göstərən yunan natiqlik məktəbi Aristotel, Antifont, Andokid, Lisiy, İsey, İsokrat, Molon, Kvintilian, Demosfen, Hipeorid, Likurq, Esxil, Dinarx kimi görkəmli natiqlər yetirmişdir. Onlar natiqlik sənətini, onun nəzəriyyəsini, təlimini qurmuş və sistemini yaratmışlar. Həmin məktəblərdə dərs deyən Aristotel, Qorqiy, Frasimax, İsokrat, Demosfen, Esxin kimi görkəmli natiqlər bu sənəti həm nəzəri, həm də praktik şəkildə öyrənənlərə aşılamışlar. Bu dövrdə natiqlik sənətinin nəzəriyyəsindən bəhs edən “Ritorika” elmi də yaranır və inkişaf edir. Ritorika e.ə.V əsrdə Qədim Yunanıstanda yaranmış, III-II əsrlərdə orada, e.ə.I əsrdə Romada sistemləşdirilmişdir. Aristotel, Siseron, Kvintilian ritorikanın görkəmli nəzəriyyəçiləri olmuşdur. Sonralar ritorika termini zahirən qəşəng, dəbdəbəli, lakin məzmun və dil cəhətdən zəif, bəsit əsərlər, sözçülük mənalarında işlənmişdir. Dövrün tarixi şəraitindən qaynaqlanan natiqlik sənəti bizim eradan əvvəl V və IV əsrlərdə özünün çiçəklənmə dövrünü keçirir. Qədim yunan ritorikası, orada işlədilən terminlər bu gün belə qiymətlidir, diqqəti cəlb edir və ixtisas sözləri kimi işlədilir. Nitq mədəniyyəti ümumi mənəvi mədəniyyətin tərkib hissələrindən biridir. Xalqımızın müstəqillik və suverenlik əldə etdiyi indiki dövrdə hərtərəfli inkişaf etmiş şəxslərin tərbiyə olunması tələbi dil mədəniyyətini də vacib məsələ kimi qarşıya qoyur.