26 yanvar 2017-ci il tarixdə Nərimanov rayonu, 304 saylı məktəb-liseydə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Gənclərin Elmi Araşdırmalar Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Yaşıl xəzinəmizi qoruyaq!” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Tədbirdə “Gənclərin Elmi Araşdırmalar Mərkəzi” İctimai Birliyinin nümayəndəsi, təlimçi Cahandar Məmmədov, 304 saylı məktəb-liseyin tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyeva və 40 nəfər yeniyetmə iştirak etmişdir.
“Gənclərin Elmi Araşdırmaları Mərkəzi” İctimai Birliyinin nümayəndəsi, təlimçi Cahandar Məmmədov layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi ətraf mühitin mühafizəsində yeniyetmə və gənclərin rolunun artırılmasından ibarətdir. Təlimçi qeyd etdi ki, “İnsan təbiətin bir hissəsi olub onunla sıx bağlıdır və həyatımızda, fəaliyyətimizdə təbiətin rolunu qiymətləndirmək olduqca çətindir. Hər birimiz daim canlı aləmin, ətraf mühitin qayğısına qalmalıyıq, çünki ətraf mühit dedikdə insan fəaliyyətindən asılı olmayaraq, onu əhatə edən canlı təbiətin toplusu başa düşülür. 2006-cı ildə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nı təsdiq etməsi ilə ekoloji tədbirlərin sistemli şəkildə həyata keçirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Bu kompleks tədbirlər planında Bakı buxtasının, Bibiheybət zonasının, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ətrafının, Abşeron yarımadasının göllərinin, neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, bərk məişət tullantılarının idarə olunması sxeminə uyğun Bakı və Sumqayıt şəhərlərində formalaşan tullantıların idarə olunmasının təkmilləşdirilməsi və s. məsələlərin həlli mexanizmləri dəqiqliklə göstərilib. Bakı şəhərinin və Abşeron yarımadasındakı yaşayış massivlərinin kanalizasiyalaşdırılması, mövcüd təmizləyici qurğuların yenidən qurulması və yeni təmizləyici qurğuların tikilməsi istiqamətində tədbirlər görülüb. 2009-cu ilin sonunda Hövsan Aerasiya Stansiyasının istifadəyə verilməsi və buxtaya axıdılan kanalizasiya sularının qarşısı alınaraq aerasiya stansiyasına yönəldilməsi Bakı buxtasının tədricən təmizlənməsinə müsbət təsir edib. Eyni zamanda ölkə başçısı tərəfindən 2010-cu ilin “Ekologiya ili”nin elan edilməsi isə Respublikada ekoloji durumun yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlardandır. “Ekologiya ili” çərçivəsində, eləcə də sonrakı illərdə ölkəmizdə milyonlarla ağacın əkilməsi, yeni parkların salınması və dövlətimizin başçısının özünün bu kampaniyalarda iştirakı ətraf mühitin qorunmasına xüsusi diqqətin göstəricisi sayıla bilər”.
Sonda təlimçi tərəfindən şagirdləri maraqlandıran suallar cavablandırıldı.