Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə, beynəlxalq müsabiqələr laureatı, gənc bəstəkar Tural Məmmədlinin müəllifi olduğu “Azərbaycan musiqisində Şərq-Qərb rəngarəngliyi gənclərin gözü ilə” adlı üçgünlük layihə baş tutub. Layihənin birinci günü mövzu konfrans şəklində keçirilib və musiqişünaslar tərəfindən nəzəri müzakirə olunub. Layihənin ikinci günü Azərbaycan Milli Konservatoriyasında konsert keçirilib. Konsertdə İohann Sebastyan Baxın əsəri Azərbaycan xalq çalğı alətlərinin ifasında səslənib. Bundan başqa, Əməkdar Artist Vüqar Camalzadə “Ulduz” balladasını, Beynəlxalq Muğam Müsabiqəsinin qalibi Şəhriyar İmanovun triosu isə tar, kamança və nağaranın vəhdətində “Ağlayan Şəlalə” kompozisiyasını səsləndiriblər. Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kəriminin “Ömrümün istəyi” və Tural Məmmədlinin kamança və fortepiano üçün bəstələdiyi “Tənha yolçu” əsərləri təqdim olunub. Konsertdə Millət vəkili Şahin İsmayılov, əcnəbi qonaqlar və kütləvi informasiya vastiləri iştirak ediblər.
Layihənin üçüncü günü, keçirilən konsertin diskinin təqdimetmə mərasimi olub və layihə iştirakçılarına diplomlar təqdim edilib.