24 yanvar 2017-ci il tarixdə Məktəb-Lisey Kompleksində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Gənclərin Elmi Araşdırmalar Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Yaşıl xəzinəmizi qoruyaq!” layihəsinin açılış mərasimi və ilk təlimi keçirilib.
Açılış mərasimində “Gənclərin Elmi Araşdırmalar Mərkəzi” İctimai Birliyinin nümayəndəsi, təlimçi Cahandar Məmmədov layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi ətraf mühitin mühafizəsində yeniyetmə və gənclərin rolunun artırılmasından ibarətdir. Təlimçi qeyd etdi ki, “XIX əsrin sonlarından başlayan elmi–texniki tərəqqi, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər XX əsrin ortalarında öz mənfi nəticələrini büruzə verməyə başladı. Artıq insanlar təbiətə münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə bu prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə gətirib çıxaracağını anladılar. Bu problemin gələcəkdə qlobal kataklizmlərə səbəb olacağını başa düşən alimlər, ekoloqlar öz etiraz səslərini ucaltmağa, həyəcan təbili çalmağa başladılar. Problemin ciddiliyini dərk edən beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya ictimaiyyəti də öz növbəsində məsələni daim diqqət mərkəzində saxlamağa çalışırdı. Nəhayət, 1972–ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin İsveçin paytaxtı Stokholmda keçirilən iclasında 5 iyun tarixinin Dünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunmasına qərar verilmişdir. O vaxtdan etibarən hər il bu gün bütün dünyada təntənəli şəkildə qeyd olunur. Dünya Ətraf Mühitin Mühafizəsi Gününün hər il geniş tədbirlərlə qeyd edildiyi Azərbaycanda da ətraf mühitin mühafizəsi və ekoloji problemlər daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində də mühüm işlər görülür. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar, həmçinin Azərbaycanda hidrometeorologiyanın inkişafına dair Dövlət Proqramı uğurla yerinə yetirilir. Beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər də bu qəbildəndir. Prezident İlham Əliyevin 2010-cu ili ölkədə “Ekologiya ili” elan etməsi bu sahəyə diqqəti daha da artırmışdır. “Ekologiya ili” çərçivəsində, eləcə də sonrakı illərdə ölkəmizdə milyonlarla ağacın əkilməsi, yeni parkların salınması və dövlətimizin başçısının özünün bu kampaniyalarda iştirakı ətraf mühitin qorunmasına xüsusi diqqətin göstəricisi sayıla bilər.”
Sonda təlimçi tərəfindən şagirdləri maraqlandıran suallar cavablandırıldı.
Qeyd edək ki, təlimdə 40 nəfər yeniyetmə iştirak etmişdir.