Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsi çərçivəsində qalib olmuş Məcidova Vüsalə Albaba qızı tərəfindən Göyçay rayonunda icra olunan “Gözləyən var” – QİÇS və narkomaniyaya qarşı sosial fəallıq adlı layihəyə yekun vuruldu. Layihənin məqsədi Göyçay rayon gənclərinə sağlamlıq haqqında düzgün və geniş informasiya verərək, onlarda bu sahədə dolğun informasiya bazası yaratmaq, gənclərin asudə vaxtının səmərəli keçirməsinə yardımçı olmaqdır. Təlimlər 7 gün davam etmişdir və ümumilikdə 220 nəfərdən çox gənc bir başa layihə iştirakçı olmuşdur. Mövzü ilə bağlı gənclərə maarifləndirici bukletler verilmişdir. Layihə rəhbəri Məcidova Vüsalə mövzu ilə bağlı bildirmişdir ki, Azərbaycanda ilk dəfə İİV-ə yoluxma hadisəsi 1987-ci ildə xarici vətəndaşda, 1992-ci ildə isə Azərbaycan Respublikası vətəndaşında rəsmi olaraq qeydə alınmışdır. QİÇS problemi son dərəcə aktual bir problem-lərdən biridir. Hal-hazırda dünyada epidemiyanın inkişafı tendensiyası təhlükəlidir. Epidemiya ilk növbədə ona görə artır ki, bizlərin bir çoxu İİV/QİÇS-in hər birimizə aid olması haqqında düşünmür və özümüzü və yaxınlarımızı qorumaq üçün heç bir tədbirlər görmürük. İİV epidemiyası bu gün ölkəmizdə əhalinin bütün sosial təbəqələrinə toxunur və bilavasitə sənə, sənin partnyoruna, qohumuna, dostuna, tanışına, sinif və iş yoldaşına aiddir. Bütün bu ciddiliklərə baxmayaraq bu problemləri və epidemiyanı dayandırmaq mümkündür və hər birimiz bu problemin həllinin bir hissəsi ola bilərik. Hər birimiz İİV haqqında düzgün informasiya almaq seçimini edə bilərik və bugünkü gün bilik virusa qarşı yeganə vaksindir. İİV, onun profilaktikası və müalicəsi haqqında əsas informasiyaya malik olmaq və anlamaq özümüzdən başlayaraq epidemiyanın artım tempinin aşağı salınması və İİV-lə yaşayan insanlara səbrli münasibətin formalaşmasına şərait yaradaraq qərarların qəbul edilməsi üçün imkan yaradacaqdır. Bir neçə faktlar haqqında məlumata sahib olmaq və onları anlamaq minlərlə və milyonlarla insan həyatını xilas edə bilər.