Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Sağlam təbiət – sağlam cəmiyyət” layihəsinin yekun tədbiri baş tutmuşdur.
Ekoloji maarifləndirmə mövzusunda olan layihənin keçirilməsində məqsəd getdikcə artan ekoloji problemlər və onların həlli yollarının öyrənilməsinə diqqət çəkmək, bütün Azərbaycanın təbii mühitinin qorunması məsələsində cəmiyyəti maarifləndirmək və bu sahədə hər kəsin üzərinə düşən vəzifənin ciddiyətini cəmiyyətə bildirmək, eyni zamanda təkrar emal fəaliyyətində cəmiyyətin daha çox iştirak etməsinə vasitəçi olmaqla ekologiyaya və iqtisadiyyatımıza mümkün qədər müsbət təsir göstərə bilməkdir.
Layihə çərçivəsində yekun təlim Azərsun Akademiyasında baş tutmuşdur. Təlimin iştirakçıları qismində məktəb şagirdləri çıxış etmiş və onlara Azərsun şirkətinin ixtisaslı təlimçisi tərəfindən mövzu ilə bağlı maraqdoğurucu və hərtərəfli əhəmiyyətli təlim keçirilmiş, yeniyetmələrə ekoloji problemlər və onların həlli, eyni zamanda təkrar emal siyasəti ilə bağlı məlumatlar verilmiş, onların sualları ətrafında geniş müzakirələr aparılmışdır. Təlimin sonunda iştirakçılar sertifikatla təltif olunmuşdur. Qeyd etmək lazımdır ki, layihənin öncəki mərhələlərində bənzər təlimlər Bakı şəhəri və Quba rayonunda tələbə və şagirdlərin iştirakı ilə baş tutmuşdur.