Ölkə başçısı İlham Əliyevin göstərişi ilə elan edilən 2016-cı il – “Multikulturalizm ili” çərçivəsində həyata keçirilən mədəni-kütləvi tədbirlər silsiləsindən daha biri yekunlaşmışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət darəçilik Akademiyasının YUNESKO Mərkəzinin təşkilati dəstəyi ilə həyata keçirilən “Səkkiz Guşə” layihəsinin icrası başa çatıb.
Açılış nitqi ilə çıxış edən layihə rəhbəri Günel Alızadə sözügedən layihənin önəmini vurğulamış, iştirak edən gənclərin ölkənin müxtəlif regionlarını təmsil etməsi halının önəmindən söz açmış, ötən müddətdə bütün layihə günlərində uğurla çıxış edən gənclərə təşəkkür etmişdir.
Daha sonar çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət darəçilik Akademiyasının YUNESKO Mərkəzinin müdiri Cahangir Hacıyev gəncləri bir neçə həftə ərzində bir araya gətirən layihənin ideyası haqda söz açmışdır. Belə ki, müasir günümüzdə gənc nəslin nümayəndələrinin ölkənin müxtəlif regionlarını, orada yaşayan etnik azlıqların tarixini araşdırması, bu haqda təqdimatlar hazırlayıb təqdim etməsi, intellektual yarışlarda uğurla çıxış etməsinin diqqətəlayiq, önəmli hadisə olduğunu bildirmişdir.
Daha sonra müxtəlif etnik qrupları, regionların mədəniyyətini təmsil edən komandaların hazırladığı səhnəciklər izlənmiş, təqdimatlar və ifalar dinlənilmişdir. Müxtəlif komandaların üzvlərinin tarixi musiqi alətlərimiz olan tar və kamançada ifa etdikləri “Qarabağ Şikəstəsi”, “Sarı Gəlin” ifaları, milli-mənəvi dəyərlərimizi, adət-ənənləri özündə ehtiva səhnəciklərin hazırlanması, Azərbaycan milli mətbəxinin gözəl nümunələrinin təqdim edilməsi izləyənlər tərəfindən yüksək qiymətləndirilmişdir.
Yekunda münsiflər heyətinin qərarı ilə qalib gələn və iştirak edən bütün komandalar diplom, şəhadətnamə ilə təltif edilmiş, qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.