“Sağlam yaşamaq üçün düzgün qidalan” adlı layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycan Uşaqları” İctimai Birliyi tərəfindən ötən ilin oktyabr ayından bu ilin əvvəlinə kimi həyata keçirilirdi.
Layihənin məqsədi gənc nəslin qidalanmasının vəziyyətini müşahidə etməklə, sağlam qidalanmanın əhəmiyyəti barədə şagirdlər, tələbələr, müəllimlər və valideynlər arasında məlumatlandırma və maarifləndirmənin təşkili idi. Sözügedən layihə 3 ay müddətində Bakı şəhəri (Binəqədi, Nəsimi, Nərimanov rayonları) ərazisində yerləşən müxtəlif təhsil müəssisələrindəki tələbə və şagirdlər arasında təşkil olundu. Düzgün qidalanma ilə bağlı təlim qruplarının formalaşdırılması üçün Bakının müxtəlif təhsil müəssisələrində seçim prosesi aparıldı. Seçim prosesinə təhsil müəssisələrinin müvafiq pedoqoji heyəti, eləcə də maraqlı tərəflər cəlb edildi, yeniyetmə və gənclər arasında görüşlər və ilkin müsahibələr oldu. Həmçinin sosial şəbəkələrdə elanlarla seçimə dəvətlər yayıldı. Sonra düzgün qidalanma ilə əlaqədar tədbirlər üçün seçilmiş qruplarla təlimlərin keçirilməsi icra edildi. Seçimlərdən keçmiş yeniyetmə və gənclər arasında təlim qrupları (hər biri 25 nəfərdən az olmamaq şərti ilə cəmi 2 qrup) formalaşdı. Onlar arasında interraktiv metodlardan istifadə edilməklə “Düzgün qidalanma haqqında məlumat”, “Düzgün qidalanmanın əsas üstünlükləri”, “Düzgün qidalanma üzrə tətbiq edilən mexanizmlər”, “Sağlam qidanın vacibliyi”, “Düzgün qidalanma “piramidası” barədə”, “Fast-fudların ziyanı”, “GMO nədir və onların insan orqanizminə təsiri” mövzularında təlimlər keçirildi.
Təlimlər zamanı daha fəal olmuş gənclər xüsusi anket və şifahi sorğu vasitəsi ilə müəyyən edildi və onlar üçün ayrıca seminar keçirildi. Tədbirə hər qrupdan 10 dinləyici cəlb edildi. Seminarda 20 nəfərlik dinləyicilər qurup formalaşdı. Seminar zamanı həmin gənlcərin layihə başa çatdıqdan sonra bu sahə üzrə könüllü fəaliyyətləri müzakirə etdilər, plan tərtib olundu.