Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, SOCAR, SOCAR Ekologiya İdarəsi və Bakı Şəhər Təhsil İdarəsinin təşkilati dəstəyi ilə “Ekoloji Festival” layihəsi həyata keçirildi.
Bakı şəhərini əhatə edən 8-9-10-cu sinif məktəblilərinin iştirak etdiyi layihə özündə bir sıra maraqlı fəaliyyət növlərini cəmləndirir. “Tullantıların ikinci həyatı”, “Ekoloji sloqan”, “Videorolik” və ətraf mühitlə bağlı bir sıra mövzuları əhatə edən “Nə? Harada? Nə zaman?” bilik yarışının sonunda ümumilikdə ən çox xal toplayan Bakı Avropa Liseyinin komandası birinci yerin sahibi oldu. İkinci yerə Zəkalar liseyi, üçüncü yerdə isə İstək liseyinin komandası qərar tutdu. İlk 3 yeri tutan məktəblilər medal və sertifikatlardan əlavə olaraq “Təmiz Şəhər” ASC, “Sağlam Düşüncə” Gənclər Təşkilatı, UBER, “Təbiət Dostları” İctimai Birliyi, “Azərbaycan” İntellektual Oyunlar Klubu tərəfindən müxtəlif maariflənmə kampaniyalarında iştirak, daimi üzvlük, endirim kartları və bu kimi fərqli hədiyyələrlə təltif olundular.
Layihə rəhbəri Gülsarə Qasımova öz fikirlərini bölüşüb:” Komandaların gərgin mübarizələrinin şahidi olduq. Hər bir komanda turlar üzrə bütün tapşırıqlara çox ciddi, özünəməxsus tərzdə araşdırma və fərqlilikləri ilə hazırlaşmışdılar. Demək olar ki, ümumi xal hesabında komandalar bir –birindən cüzi xal fərqinə görə fərqlənirdi. Gənclərin ekoloji düşüncə tərzinin formalaşmasında xüsusi rolu olan bu və bu tip layihələrin davamlı olaraq keçirilməsinin ümidvaram ki, şahidi olacağıq.”
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibi olan layihə Qala qəsəbəsində yerləşən “Eko-Park: Ekoloji Tədqiqatlar Mərkəzi” İctimai Birliyində həyata keçirilib.