Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Qobustan Azərbaycanın Ümumbəşəri Mədəni İrsi” layihəsinin Qobustan qəsəbəsində yerləşən 223 nömrəli məktəbdə təqdimatı keçirilmişdir.
223 nömrəli məktəbin yuxarı sinif şagirdlərinin iştirak etdiyi təqdimatda şagirdlərə layihə haqqında məlumat verildi. Qobustan abidələrinin, ümumilikdə mədəni irsin qorunması və təbliği işində gənclərin rolu haqqında danışıldı. Layihənin gənclərin inkişafına, gələcəkdə peşə seçimi və karyera qurmasında göstərə biləcəyi müsbət təsir vurğulandı. Sonda şagirdlərə layihə haqqında bukletlər paylanıldı.
Layihənin məqsədi Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən məktəblərdə təhsil alan gəncləri Qobustan Milli tarix-bədii qoruğunun “YUNESKO”nun Dünya İrsi elan edilmiş abidələri ilə yaxından tanış etmək, gənclərdə milli vətənpərvərlik ruhunu aşılamaq, onlarda Qobustan abidələrinin qorunması və təbliği istiqamətində məsuliyyəti artırmaqdan ibarətdir. Layihə çərçivəsində iştirakçı gənclərə Qoruq əməkdaşlarının işi ilə tanışlıq, onlara abidələrin öyrənilməsi və qorunması sahəsində bilik və vərdişlərin öyrədilməsi nəzərdə tutulmuşdur.
Layihənin 3 ay müddətində həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu müddət ərzində məktəblilərlə görüşlər keçiriləcək, seminarlar, mühazirələr və praktiki məşğələlər təşkil olunacaqdır.